29 Dekabr 2023 12:34
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün apardığımız müayinələr zamanı attraksionlarda qüsurlar aşkar olunmadı, hazırda attraksionlardan istifadə etmək olar. Valideynlərdən xahişimiz ondan ibarətdir ki, attraksionlardan uşaqların istifadəsi zamanı müvafiq sənədlər tələb etsinlər və zavod istehsalı olmayan attraksionlardan istifadə etməsinlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı obyektlərdə texniki nəzarətin təşkili və onun icra olunmasına dövlət nəzarətini həyata keçirir.

“Attraksionlar təhlükə potensiallı obyektlər olduğu üçün həmin obyektlərdə mütəmadi olaraq texniki müayinələr aparılır. Aparılmış müayinə zamanı aşkar olunmuş qüsurlar haqda akt tərtib olunur və aktın icrası tərəfimizdən nəzarətə götürülür. Mexanikləşdirilmiş attraksionlar təhlükə potensiallı obyektlər olduğu üçün dövlət reyestrində qeydiyyatdan keçirilməlidir və istismar müddətində ekspertizadan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin olunmalıdır. Bu attraksionların ildə bir dəfə ekspertizadan keçməsi sahibkar tərəfindən həyata keçirilir. Attraksionların istismarı üçün sahibləri tərəfindən lisenziya alınmalıdır. Attraksionların istismar müddətində attraksionlara xidmət edən operatorların bilikləri ildə bir dəfə yoxlanılmalıdır. Onlar hökmən operator vəsiqəsi ilə təmin olunmalıdır. Bundan əlavə olaraq attraksionların istismar müddətində attraksion sahibi texniki təhlükəsizliyin təmin olunması üçün mühəndis texniki işlərdən cavabdeh şəxslər təyin etməli, mühəndis texniki işçilərin müvafiq vəsiqələri olmalıdır və onların da üç ildən bir biliklərinin yoxlanılması təmin edilməlidir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər