Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilmiş tədbirdə kənd sakinləri iştirak ediblər.
Milli birlik, mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirən Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş təbdirdə əvvəlcə dövlət himni səslənib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.
Yeni il personajlarının iştirakı ilə baş tutan tədbir uşaqların bayram əhval-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib. Tədbir sonunda uşaqlara hədiyyələr paylanıb.