Oğuzda evləri yanıb kül olan məcburi köçkün ailələrinə yardım ediləcək.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin müdiri Yaqub Abbasov məlumat verib.
Yanvarın 12-də Oğuzda 4 ailənin, ümumilikdə 15 məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.
Evi yanan Aftandil Piriyev "Report"un yerli bürosuna bildirib ki, yanğın baş verən an evdə olub və yaşlı anasını çətinliklə xilas edib:
"Qoca anamı zorla evdən çıxardım. Tüstü məni boğduğundan heç mobil telefonumu götürə bilmədim. Hər şeyimiz yandı, bütün sənədlər, qızıllar və əşyalar".
Komitənin yerli nümayəndəsi bildirib ki, zərərçəkən ailələrə ölkənin digər şəhər və rayonlarında ev təklif olunub:
"Lakin onlar uşaqlarının burada oxumasını, iş yerlərinin, qohum-əqrabalarının burada yaşamasını əsas götürərək razılıq verməyiblər. Komitə tərəfindən digər tədbirlər görülür, onların məskunlaşması üçün işlər aparılır və qısa müddətdə məskunlaşdırılacaqlar".
Qeyd edək ki, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yanğın nəticəsində evsiz qalan ailələr isti qış geyimləri və pal-paltarla eləcə də yatacaq və digər ləvazimatlarla təmin olunacaqlar.//Report.az