Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Nizami rayonu 172 saylı uşaq bağçasında, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Suraxanı rayonu M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 26 nömrəli uşaq bağçasında, Muğan Regional Mərkəzi tərəfindən Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu, Qımılqışlaq kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu, Bolsulu qəsəbə tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Yevlax rayonu, Ərəbbəsrə kənd ümumi orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.