24 Yanvar 2015 15:05
2 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərlan Məmmədov: "Dünyanın nüfuzlu kompaniyaları kəşf etdiyim yeniliyə maraq göstərir"

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq əməkdaşı Tərlan Məmmədov yanvarın 21-də AMEA-nın Rəyasət Heyətinin iclasında "Yaşıl bitkilərdə funksional fəal şəkərsiz rekombinant zülalların tibb və sənayedə istifadəsi üçün sintezi" adlı məruzə ilə çıxış edib.

Məruzədə qeyd edilib ki, genetik əsaslı texnologiyalar vasitəsilə istehsal olunan zülal təbiətli dərmanlara tələbat dünyada get-gedə artır. Hətta bu dərmanların satış həcmi növbəti iki ildə 100 milyard dolları ötəcək. Malyariya və qarayaraya qarşı ən effektiv vaksinləri hazırlamaq üçün dünyanın müxtəlif laboratoriyalarında çoxlu cəhdlər olsa da, bu cəhdlər uğursuz nəticələnib.

Bu araşdırmalar istiqamətində ilk dəfə olaraq Tərlan Məmmədov şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiya hazırlayıb ki, bu texnologiyanın təbabətdə və sənayedə istifadəsi mümkündür. Bundan əlavə, bu üsul malyariya və qarayaraya qarşı effektiv vaksinlərin yaradılmasına əsas verir.


Tərlan Məmmədov kəşfinin iqtisadi baxımdan Azərbaycana böyük səmərə gətirəcəyini hesab edir.
Akademiyanın prezidenti Akif Əlizadə bildirib ki, alimin ixtirası beynəlxalq aləmdə böyük marağa səbəb olub və molekulyar biotexnologiya sahəsində innovasiyanın mühüm nümunəsi kimi təqdim edilib.

Tərlan Məmmədovla əlaqə saxlayıb kəşfi ilə maraqlandıq. Öncə özü haqqında məlumat verən alim bildirdi ki, 1998-ci ilə qədər Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində çalışıb, 1998-ci ildən 2002-ci ilə qədər Yaponiyada, 2002-ci ildən 2014-cü ilə qədər Amerika Birləşmiş Ştatlarında müxtəlif nüfuzlu elmi təşkilatlarda işləyib.

Hazırda isə Türkiyənin Ağdəniz Universitetinin (Antalya şəhəri) professorudur. 1998-ci ildən bu günə qədər əsas tədqiqatları molekulyar biologiya, molekulyar biotexnologiya və zülal mühəndisliyi sahələri olan alimin son kəşfi 18 illik tədqiqat apardığı molekulyar biotexnologiya sahəsinə aiddir.

Qeyd edək ki, canlı orqanizmdə, o cümlədən insanda zülallar çox mühüm funksiya daşıdığına görə hazırda müxtəlif infeksiya və genetik xəstəlikləri müalicə etmək üçün zülal təbiətli dərmanlara böyük ehtiyac yaranıb.

Tərlan Məmmədovun sözlərinə görə, canlı orqanizmdə yaranan ağır xəstəliklərin qarşısını almaq üçün hazırda Avropada, ABŞ-da, Yaponiyada alimlər rekombinant proteinləri aktiv halda, şəkərsiz almaq üçün uzun illər çoxşaxəli tədqiqatlar aparıblar: "Hazırda rekombinant proteinlərin müxtəlif növləri sintez olunur, amma bu, olduqca baha başa gəlir. Mənim üsulumda isə rekombinant proteinləri aktiv halda, şəkərsiz almaq olduqca ucuz başa gəlir".

Alim qeyd etdi ki, sözügedən kəşfi müvafiq sahə üzrə beynəlxalq aləmdə ilk texnologiya kimi dəyərləndirilir: "Yaradılan texnologiyaya aid nəticələr bir necə beynəlxalq konfransda plenar məruzə kimi təqdim olunub və yüksək impakt-faktorlu "Plant Biotechnology Journal (2012)", "Bioengeered (2013)" jurnallarında dərc olunub. Bu yeni texnologiya ABŞ-ın "IBS news report", "News RX", "Report Linker" kimi xəbərlərində molekulyar biotexnologiya sahəsində innovasiyanın ən mühüm bir nümunəsi kimi təqdim edilib. Bu texnologiyanın öz əksini tapdığı məqalə "Plant Biotechnology" jurnalında çap olunub və 2012-2013-cü illərdə molekulyar biologiya və biotexnologiya sahəsində çap olunan on minlərlə məqalədən seçilən top-20 siyahıda birinci yeri tutub. Həmçinin bu texnologiyaya görə beynəlxalq (WIPO) patenti alınıb".

Tərlan Məmmədov kəşfinə Azərbaycana məxsus patentin verilməsini də düşünür.
Hazırda müxtəlif heyvan xəstəlikləri əleyhinə Azərbaycana milyonlarla dollara başa gələn vaksinlər idxal edildiyini vurğulayan alim qeyd etdi ki, onun üsulu ilə bu vaksinlərin Azərbaycanda da sintez edilməsi mümkündür. Bu istehsal isə Azərbaycana iqtisadi cəhətdən böyük səmərə gətirə bilər: "Avropada nüfuzlu bir şirkət Norveç, Orta Asiya ölkələrində olan maldarlıq təsərrüfatlarında bu vaksinləri tətbiq etmək üçün əməkdaşlıq təklif edib. Türkiyənin bir çox böyük kampaniyaları bu texnologiyaya maraq göstərir. Amma çox arzu edərdim ki, ilk növbədə Azərbaycan bundan yararlansın".

Sevil Hilalqızı


Müəllif: