Cari ilin fevral ayının 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda 19 müraciət əsasında (onlardan 5 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 14 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 11 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 7 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;
- 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;
- 1 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;
- 1 intizam işi üzrə icraata xitam verilməsinə dair məsələ qaldırılması.
Müvafiq rəy qəbul edilən işlərin 9-u fiziki şəxslərdən, 2-si isə məhkəmələrdən daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 5-i fiziki şəxslərin, 2-si isə məhkəmələrin müraciətləri üzrədir.
Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən intizam işlərindən:
- 4 intizam işində “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi (4 vəkillə bağlı 7 fakt)”;
- 2 intizam işində “vəkilin qabaqcadan təyin olunan məhkəmə iclasında hər hansı üzürlü səbəb olmadan iştirak etməməsi (2 vəkillə bağlı 4 fakt)”;
- 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (2 vəkillə bağlı 2 fakt)”;
- 1 intizam işində “vəkilin diqtəsi ilə müvəkkilinə hüquqi yardımın göstərdiyi işlə bağlı ayrı-ayrı orqanlara ünvanlanmış müraciətlərdə işə baxan hakimlərə münasibətdə qeyri-etik, kobud və nalayiq ifadələrin işlədilməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işndə “vəkilin öz müvəkkili olan təqsirləndirilən şəxsin və dövlət orqanının ünvanına qeyri-etik, kobud və nalayiq ifadələr işlətməsi (1 vəkillə bağlı 1 fakt)”;
- 1 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müvafiq müqavilə bağlamadan, müraciət edən şəxsdən işin onun xeyrinə həllini vəd edərək müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması və heç bir iş görməməsi (1 vəkillə bağlı 1 fakt)” halları intizam pozuntusu kimi qiymətləndirilib.