16 Fevral 09:23
24 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il fevralın 26-da məşum faciəni sanki yenidən yaşayırıq. Həmin güllələr bizi də tapır və o qurbanların taleyini biz də yaşamış oluruq.

Xocalı faciəsində çox qanlar axdı, qocalar, uşaqlar güllələndi, qadınlar zorakılığa məruz qaldı. Birtəhər qaçıb canını qurtaran, girovluqdan azad edilənlər də oldu, amma onların sonrakı həyatı Xocalının qandonduran faciəsinin qaranlığına qarışdı.

Xocalı sakinlərindən 150 nəfəri isə itkin düşdü. Nə "öldü", nə də "qaldı" xəbərləri çıxdı. Faciənin ən bəxtsiz qurbanları bəlkə də həmin 150 nəfərdir; bu talesiz insanlara bir məzar daşı belə nəsib olmadı.

Həmin 150 nəfərin arasında bir ailə də var: Allahverdiyev Hidayət, Allahverdiyeva Simuzər, Allahverdiyev Bəhram. Ata, ana və yeniyetmə oğul.

Onlar Xocalının yerli sakinləri deyildilər, 1988-ci ildə Qərbi Azərbaycandan sürgün edilmişdilər. Amma pənah gətirdikləri yer də onlara etibarlı sığınacaq olmadı.

Xocalı düşməndən azad edildikdən sonra məşum faciənin itkin düşmüş qurbanlarının axtarışına başlanıldı. Kimsəsiz məzarlıqlarda, ya təsadüfən torpaq altından çıxan cəsədlərin kimliyini müəyyən etmək üçün itkin düşmüş ailələrin nümayəndələri DNT analizi üçün dəvət edildilər.

Allahverdiyevlər ailəsinin həyatda olan nümayəndəsi Seyidov Tahir DNT analizi verdikdən sonra Teleqraf.com-a danışıb.

- Mənim anam Allahverdiyeva Simuzər Qərbi Azərbaycanın Basarkeçər rayonunun Qaraqoyunlu kəndində 1942-ci ildə anadan olub. Əsl adı Simuzər olsa da, hamı onu Kifayət adıyla tanıyırdı. Gözəl əl qabiliyyəti, yaxşı dərziliyi vardı. Anamla atam xalaqızı, xalaoğlu olublar. İki qardaş olmuşuq, məndən iki yaş kiçik qardaşım uşaq olanda rəhmətə gedib. Onda mənim 4 yaşım vardı. Onu dəfn edəndə dalınca çox ağladığımı xatırlayıram.

Bir müddət sonra anamla atamın arasında anlaşılmamazlıqlar oldu, boşandılar. Atamgil Azərbaycana köçüb getdilər. Mən birinci sinifə kimi Göyçə mahalında, anamın yanında yaşadım.

Həyat elə gətirdi ki, anam ikinci dəfə ailə qurdu. Ortalıqda qalmayım deyə məni Gəncəyə, atamın anasının yanına apardılar. Nənəm məni himayəsinə götürdü.

Anamın Hidayət Allahverdiyevlə evliliyindən iki oğlu dünyaya gəldi. Kiçik oğlu balaca olanda rəhmətə getdi. Mən hər yay tətilində Gəncədə avtobusa oturub birbaşa Göyçəyə gedirdim.

- Atalığınızla, qardaşınızla münasibətiniz yaxşı idimi?

- Çox yaxşı idi. Gediş -gəlişimiz sıx idi. Sonra onlar gəlib Gəncədə mənim toyumu elədilər. Görüşəndə qardaşım mənsiz durmurdu. Onun məndən, mənim ondan başqa kimimiz vardı ki? Atalığımın isə mənə çox köməyi dəymişdi.

- Ananız həm birinci evliliyindən, həm də ikinci evliliyindən kiçik oğullarını itirib. Uşaqların ölümünə səbəb nə olmuşdu?

- Birinci evlilikdən olan uşağın - mənim balaca qardaşımın dərdi bilinmədi, "nəzər dəydi" dedilər. İkinci evlilikdən olan kiçik oğlunun aqibəti isə belə oldu: anam fermada sağıcı işləyirdi. Sağına gedəndə qapını arxadan bağlayır, uşaqlar da evdə oynayırdılar. Evdə böyük bir sandıq vardı. Uşaqlar sandığa girib oynayanda birdən qapağı örtülür və kilidi avtomatik bağlanır. Balaca oğlan qalır altda, böyüyü üstdə.

Anam sağından qayıdanda uşaqları evdə tapmır. Hər yeri axtarır, birdən ağlına sandıq gəlir. Gəlib sandığı açanda uşaqların ikisini də ölmüş görür.

Şaxtalı bir qış günüymüş. Anam uşaqların ikisini də həyətə çıxarır, qonşuları haraylayır, hamı tökülüşüb gəlir. Böyüyü özünə gətirirlər, balacanı isə ayılda bilmirlər.

- Həmin böyük oğul Xocalıda itkin düşəndir, eləmi?

- Elədir... 1988-ci ildə deportasiya vaxtı anam, atalığım və sağ qalan qardaşım Bəhram qarlı-boranlı bir qış çağında pulsuz-parasız yollara düşdülər. O yollarda neçə-neçə adam şaxtaya tab gətirə bilməyib canını tapşırdı, onların arasında uşaqlar da vardı.

Kəlbəcərlə bizim kəndin arasında bir dağ vardı. O dağı aşıb min bir zülmlə Kəlbəcərə, ordan da Gəncəyə gəldilər. Bir az bizdə qaldılar. Amma el-elə sığar, ev-evə sığmaz. İstər-istəməz başqa evə sığınıb yaşamaq onlara ağır gəlirdi.

Xalamın biri Şuşada yaşayırdı, oğlu da orda yaxşı vəzifədə idi. Anama xəbər göndərdi ki, gəlib Şuşadakı pansionatda yaşasınlar.

Beləcə, anamgil Şuşaya köçdülər. Mən də onlarla birlikdə gedib yerləşmələrinə kömək etdim. 1991-ci ildə Xocalıda qəsəbə tikildi, qaçqınlara, o cümlədən mənim ailəmə təzə tikilmiş evlərdən verdilər. Beləcə, yeni həyata Xocalıda başladılar. Heç bir il deyildi ora köçmüşdülər.

- 1991-ci ilin oktyabr ayından artıq Xocalı ermənilər tərəfindən mühasirəyə alınmışdı. Ailənizlə əlaqəniz var idimi?

- Xocalı hadisəsindən 20 gün qabaq anam və qardaşım Gəncədə idilər. Hansısa yolla, deyəsən, Ağdamdan keçib gəlmişdilər. 4-5 gün qalıb yenidən qayıtmağa qərar verdilər. Dedim, ana, getməyin, müharibədir, zatən atalığım ordadır, barı siz burda qalın.

Anam razı olmadı, dedi, ölsək, bir yerdə ölərik, qalsaq bir yerdə qalarıq. Qardaşımı da götürüb getdi. Onlar gedəndən sonra yollar tamamilə bağlandı. 26-sı Xocalı faciəsi baş verdi.

Bu qətliam barədə xəbər tutan kimi sabahısı günü dayım oğlu ilə Gəncədən Ağdama getdik. Çünki Xocalıdan canlarını qurtaranlar Ağdama qaçırdılar. Axtardıq, aradıq, anamgildən bir xəbər ala bilmədik.

Mən bir də nəyin şahidi oldum? Xocalıdan sağ çıxanların çoxu Məhsəti türkləri idi. Ermənilər onlardan öldürdüklərini öldürmüş, girov götürdüklərini isə buraxmışdılar.

Ağdamın dəmiryolu vağzalında xəstəxana düzəltmişdilər, gələn yaralıları ora yatırdırdılar. Hamıdan bir-bir anamgili soruşurduq. Heç kimin heç kimdən xəbəri yox idi.

- Kiçik bir şəhərin camaatının bir-birindən xəbərsiz olması nə ilə bağlı idi?

- Gecəylə hücum keçiblər və camaat pələsəng olub, kim hara gəldi qaçıb. Ayrı- ayrı dəstələrlə qaçıblar. Orda ayrı-ayrı məhəllələr vardı. Məsələn, köhnə məhəllə, təzə məhəllə. Ən çox da Əsgəranın altında köhnə məhəllənin camaatını qırıblar. Anamgili - təzə məhəllənin camaatını kəndin yaxınlığında tutublar. Çünki onlar gec çıxıblar. Gələnlər deyirdi ki, biz bilmədik belə faciə törədiləcək. Həmişəki atışmalardan biri olduğunu zənn etdik.

Bayıra çıxanda kəndə qaçhaqaç düşdüyünü görüblər. Kimi harda tutublar, orda da güllələyiblər.

- Dediniz ki, 27 fevral günü, Ağdamda Xocalı faciəsinin sağ qalmış sakinləri ilə bir-bir danışdız, ailənizdən xəbər bilməyə çalışdınız. Nəticədə hansısa bir məlumat ala bildinizmi?

- Aldım... Əslən Qərbi Azərbaycandan olan bir qadın bizə bunları söylədi:

Mənim atalığım yaxşı snayper idi. Anam, atam və qardaşımın olduğu dəstə çayın kənarıyla qaçanda onları tutublar. Soruşublar ki, sizin içinizdə snayper var, o kimdir? Onu içəridən satıblar, nişan veriblər. Birinci atalığımı vurublar. Anam dözə bilməyib, fəryad edərək atalığımın dalınca qaçıb, onu da güllələyiblər. Qardaşımın da 13-14 yaşı vardı. O da ağlaya-ağlaya özünü anamın üstünə atıb, ona da rəhm etməyiblər. O da güllələnib.

Anamın belində adyal olub, o vaxt qadınlar qızıllarını orda saxlayırdılar. Anamın üstünü axtarıb qızılları götürüblər. Əsirlərə deyiblər ki, meyitləri yarıtikili bir dükan var, ora daşıyın.

- Qandonduran hadisədir... Meyitləri dükana daşıyıblar, bəs sonra? Onları harda basdırıblar?

- Onları basdırmayıblar. Ermənilər şikayət edib ki, meyitlər iylənir. Onlar da cəsədləri təpənin qırağına yığıblar, traktorla üstlərinə torpaq atıblar ki, xəstəlik yayılmasın.

-Ailəniz haqqında bundan başqa heç nə öyrənə bilmədiniz?

- Daha heç nə öyrənə bilmədik. Nə öldü, nə də qaldı xəbəri çıxdı.

- Bir məqamı dəqiqləşdirmək istərdim. Snayper olan atalığınız ermənilərə qarşı döyüşübmü?

- Bəli, Xocalının müdafiəsində fəal iştirak edib. Onu tanıyanlar da təsdiqləyir.

- Tahir müəllim, beləliklə, ananız iki uşaq itirdi, qəddar düşməndən qaçıb Xocalıya pənah apardı, orda da amansızcasına ailəsiylə birgə güllələndi. Bu zavallı qadının günahı nə idi axı?.. Bəs siz bu ağır yüklə necə yaşadınız?

- Gözlərimiz elə qapılarda qaldı. 31 ildir təsəvvür edin nə çəkirəm... Nənəm qızının dərdinə dözmədi, altı ay keçmiş rəhmətə getdi. O da Şuşada yaşayırdı, Xocalı faciəsindən bir az əvvəl Gəncəyə köçmüşdü.

- Xocalıda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacağı xəbəri ümidlərinizə su çiləmiş oldu...

- Bəli, təsəvvür etmirsiz, necə ümidləndik. Mənə də zəng etdilər ki, məzarlıq tapılıb, gəl analiz ver. Tutulan ermənilər öldürdükləri azərbaycanlıları basdırdıqları yerləri göstəriblər. Qazdıqca cəsədlər çıxıb. İtkin düşənlərin qohumlarından götürülən analizlərlə kimlikləri təyin olunacaq.

Atalığımın bacısı Goranboy rayonunda yaşayır. Atalığıma görə ondan analiz götürdülər.

- Bizə bəllidir ki, ailənizin aqibəti bütün Qaraqoyunlu camaatını pərişan edib və indi son ümid kimi onların nəşinin tapılmasını, el qaydasıyla dəfn edilməsini arzulayırlar. Bu, anladığım qədər, bütün Qaraqoyunlu camaatına psixoloji rahatlıq hissi gətirəcək.

- Bəli, hamı narahatdır. Kəndin ağbirçəkləri bu gün də məni görəndə anamı yada salıb ağlayırlar. O ailədən yeganə mən qalmışam.

Mənim anamı kimdən soruşsanız, deyər, o necə mərd insan olub. Ailəmin meyitlərini tapıb el qaydasıyla dəfn etsək, həm onların narahat ruhlarını şad eləmiş olaram, həm də illərdir ürəyimdən daş kimi asılıb qalan bu ağırlıq hissindən qurtularam. Həmyerlilərimin daha bir istəyi isə onların xatirəsinə abidə ucaltmaqdır.

- Qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalını da düşməndən təmizlədi...

-Prezidentimiz var olsun, xariqələr yaradır.

- Bəzi təkliflərə görə, Xocalı böyük muzey-şəhərə çevrilməlidir. Orda yaşamağın psixoloji cəhətdən çətin olacağı ehtimal edilir. Bəs sizcə, o faciədən sonra insanlarımızın Xocalıda yenidən yurd salmağa mənəvi gücü çatarmı?

- Çatar. Tarix boyu müharibələr olub, insanlar yenidən həmin yerlərdə yurd salıb. Leninqradda o qədər adamlar qırıldı, şəhər dağıldı, amma yenidən qurdular, yaşadılar. Həyat davam edir. Əslinə qalsa biz orda yaşayıb onların ruhunu şad etməliyik.

- Siz özünüz Xocalıda yaşamaq istərdiniz?

- Əlbəttə. Oralar mənə çox tanış və doğmadır...

- Tahir müəllim, Tanrı indən belə taleyinizə xoşbəxt yazılar yazsın…

- Mən ancaq o vaxt xoşbəxt ola bilərəm ki, ailəmi tapıb torpağa tapşırım. Yalnız ondan sonra rahatlıq tapa və və öz borcumu yerinə yetirmiş olaram.


Müəllif: Günel Natiq

Oxşar xəbərlər