21 Fevral 11:40
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə hadisə baş verəndə bir dövlətin Ədliyyə Nazirliyi istintaq materiallarını, məhkəmə sənədlərini digər ölkənin hüquq-mühafizə orqanlarına təqdim etməlidir. Əgər Kamil Zeynallı barəsində cinayət işi olmuşdusa, Ermənistan birinci növbədə Azərbaycana müraciət etməli idi ki, o şəxsi təhvil versin. Bu prosedurlar olmayıbsa, şəxsin hər hansı bir ölkəyə, indiki halda Ermənistana təhvil verilməsi asan məsələ deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib.

"Şəxsin hansısa cinayəti törətdiyi barədə ortada çox ciddi sübutlar olmalıdı. Təhvil verilmə yalnız məhkəmə qərarı ilə gerçəkləşdirilə bilər. Bütün dünyada qayda belədir, Rusiyada da... Kimsə hansısa ölkəyə təhvil verilirsə, məhkəmə qaydası ilə olur.

Rusiyanın Azərbaycanla da, Ermənsitanla da hüquqi yardımla bağlı müqaviləsi var. Azərbaycandan da, Ermənistandan da materiallar toplanmalıdır. Əgər doğrudan da Kamil Zeynallının əməlində hər hansı cinayət tərkibi varsa, bu, sübutlarla təsdiq olunarsa, o zaman Ermənistana təhvil verilə bilər.

Azərbaycan tərəfi çalışmalıdır ki, bunun qarşını alsın. Belə bir hadisə baş verən zaman xarici ölkədə fəaliyyət göstərən səfirlik və ya konsulluq məsələni araşdırır. Azərbaycan qanunvericiliyinə görə, heç bir Azərbaycan vətəndaşı digər ölkəyə təhvil verilə bilməz.

Azərbaycan tərəfindən misal gətirirəm. Burada yalnız hüquqi deyil, siyasi məsələ də diqqətdə olacaq. Baxır ki, Rusiya siyasi tərəfdaş kimi üstünlüyü kimə verəcək, Azərbaycana, yoxsa Ermənistana...

Kamil Zeynallı Ermənistana gedib, hər hansı cinayət törətməyib. Bu, aydın məsələdir. Ola bilsin, Azərbaycanda mətbuatda çıxış və ya çağırışları olub. Ermənistanın təhlükəsizlik qurumları bununla bağlı iş başlayıblar. Səbəb bu ola bilər. Onsuz da Kamil Zeynallı tərəfindən Ermənsitanın vətəndaşına hər hansı təhlükə mümkünsüzdür”.

Qeyd edək ki, Kamil Zeynallı axşam saatlarında Moskvada hava limanında saxlanılıb.


Müəllif: Rəqsanə Həsənova