21 Fevral 20:49
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.

Vəkillər Kolegiyasından Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Cari ilin fevral ayının 21-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 60 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.

Təlimin ilk günündə keçirilən tədbirdə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açılış nitqi ilə çıxış edərək vəkilliyə namizədlərə uğurlar arzulayıb, təlimlərin əsas məqsədi, mahiyyətindən danışıb, vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsinin vacibliyini dilə gətirib. O, VK-nın müstəqil təsisat olduğunu, son illər vəkillərin sayının 3 dəfədən çox artdığını, Kollegiyanın ədalət mühakiməsi ilə bağlı olan qurumlarla çox sıx əməkdaşlıq etdiyini, bu əməkdaşlığın dərin köklərə söykəndiyini bildirib. İki həftə davam edəcək təlimin proqramının fərqli olduğunu söyləyən prorektor nəzərə çatdırıb ki, praktiki təcrübəyə daha çox üstünlük veriləcək, eyni zamanda, bura təlimçi vəkil və hüquqşünaslar cəlb olunacaq.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırov çıxışında vəkilliyə namizədlərə uğurlar diləyib, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini deyib.

Diqqətə çatdırılıb ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə VK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin, ixtisas imtahanının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilir. Hamıya eyni suallar verilir, ayrı-seçkilik olmur.

İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacağını bildirən sədr icbari təlimdə ARVK-dan 51, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından (NMRVK) isə 9 vəkilliyə namizədin iştirak etdiyini, habelə onlardan 84 faizinin 40 yaşadək olduğunu söyləyib. Sədr ilk dəfə olaraq təlimə NMRVK-nın vəkilliyə namizədlərinin qatıldığını, həmin şəxslərin bəzilərinin onlayn qaydada iştirak etdiyini xüsusi vurğulayıb.

Həmçinin, Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə danışıb, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, o cümlədən onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu söyləyib.

Tədbirdə Anar Bağırov Kollegiyanın son illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.

Sədr diqqətə çatdırıb ki, dövlət hesabına hüquqi yardımın artırılması məsələsi reallaşmaq üzrədir. Bununla bağlı artıq müvafiq sənədlərin layihəsi hazırlanıb. Ümid edirəm ki, məsələ qısa zamanda öz həllini tapacaq. Həmçinin, bildirmək istərdim ki, bu il dövlət büdcəsindən dövlət hesabına hüquqi yardımla bağlı ilk dəfə olaraq 5 milyon 500 min manat pul ayrılıb.

Anar Bağırov xatırladıb ki, vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməlidirlər. Nəzərinizə çatdırmaq istərdim ki, bəzi formal vəkillik, qeyri-prosessual hallar vəkilliyin nüfuzunu aşağı salır. Qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər. Xüsusi ilə vurğulayıram ki, VK bununla bağlı hər zaman barışmaz mövqe nümayiş etdirəcək.

Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə nəzərə çatdırıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirilib.

Daha sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib.


Müəllif: Hacı Zeynalov