27 Yanvar 2015 12:56
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəmil Həsənli ara qarışdırır və məqsədli şəkildə talış-türk məsələsini qaldırır. 5-ci siniflər üçün "Azərbaycan tarixi" dərsliyində cəmi 3 xanlıq barədə məlumat verilib. Onlar Gəncə, Qarabağ və İrəvan xanlıqlarıdır. Lənkəran və digər xanlıqlar barədə paraqraflar yoxdur və onlar növbəti dərsliklərdə tədris olunacaq. Belə olan halda Cəmil Həsənlinin yalnız Lənkəran xanlığı məsələsini qaldırması təəccüblü görünür".

Bunu Teleqraf.com-a açıqlamasında AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin "5-ci siniflər üçün "Azərbaycan tarixi" dərsliyində Talış xanlığı haqqında heç bir məlumat verilməyib" iddialarına mübasibət bildirərkən qeyd edib.

"Necə olur ki, Cəmil Həsənli həmin dərslikdə Quba, Bakı, Təbriz xanlıqları barədə məlumatların olmamasını deyil, Lənkəran xanlığı məsələsini qaldırıb? Özü də həmin xanlığın adını "Talış" qoyub. Biz Gəncə xanlığını ona görə dərsliyə saldıq ki, uşaqlar qəhrəman Cavad xanın şücaətini görsün və tariximizlə qürur duysun. Qarabağ və İrəvan xanlıqlarını da işğal altında olan torpaqlarımız və işğalçı Ermənistana görə dərsliyə salmışıq ki, şagirdlərdə tarixi ərazilərimiz barədə ilkin fikir formalaşsın. 20-yə qədər xanlıq olub. Onların hamısı haqqında məlumat verəcəyik".

Y.Mahmudov bir daha qeyd etdi ki, Azərbaycanda Talış xanlığı yox, Lənkəran xanlığı olub: "Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub və əsl Azərbaycan türk xanlığıdır. Lənkəran xanları Səfəvi nəslindən olublar, türk olublar".

Y.Mahmudov onu da əlavə etdi ki, gün ərzində C.Həsənlinin ittiham və iddialarına yazılı şəkildə geniş cavab veriləcək.

Ayxan


Müəllif:

Oxşar xəbərlər