28 Yanvar 2015 10:12
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Statistika Komitəsi 2014-cü ildə ölkənin iqtisadi və sosial yekunlarına dair məlumat yayıb

Yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbir keçirilib.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentinin Teleqraf.com-a verdiyi məlumata görə, tədbirdə iştirak edən Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov 2014-cü ildə ölkənin iqtisadi və sosial yekunlarına dair məlumat verib. Bildirib ki, ötən 11 il ərzində ölkə iqtisadiyyatında orta hesabla 11.5 faiz artım baş verib. Beynəlxalq Valyuta Fondunun rəsmi məlumatına əsasən, bu, dünya ölkələri üzrə ən yüksək göstəricidir. Onun sözlərinə görə, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 10 faizə yaxın müsbət dinamika qeydə alınıb.

R.Səlimov 2014-cü ildə sənaye sektorunda ümumi 0.7 faiz azalma baş verdiyini bildirsə də, sənayenin qeyri-neft sektorunda 6.9 faizlik artım olduğunu vurğulayıb. Dünya iqtisadiyyatında, maliyyə bazarında baş verən prosesləri nəzərə alsaq bu uğurlu göstəricidir. Ölkə rəhbərliyinin yaratdığı münbit investisiya mühiti iqtisadiyyatımıza yatırılan sərmayələrin həcmini artırıb. Ötən il ərzində ölkəyə 21.8 milyard manat investisiya yatırılıb ki, onun da 58.5 faizi daxili mənbələr hesabınadır. 2014-cü ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyanın həcmində artım baş verib.

2014-cü ildə 127 min yeni iş yerləri yaradılıb. Bu da ölkədə işsizlik və yoxsulluq səviyyələrinin aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, işsizlik səviyyəsi 0,1 faiz azalaraq 4,9 faizə, yoxsulluq səviyyəsi isə 0,3 faiz azalaraq 5,0 faizə enib.

2015-ci il yanvar ayının 1-ə əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə– 12.4 faiz artaraq, 7.2 milyard manata yüksəlib. 2014-cü ildə MDB-nin milli valyutaları arasında yalnız manat məzənnəsini qoruyub saxlayıb. Ötən il əhalinin gəlirləri 4.8 faiz çoxalıb. Orta aylıq əmək haqqı 443 manat, aylıq pensiyanın orta məbləği 173.4 manat təşkil edib.

ADİU-nun rektoru, professor Ədalət Muradov çıxışında bildirib ki, ötən ilin iqtisadi və sosial həyatının yekunları onu deməyə əsas verir ki, dünya iqtisadiyyatında, xüsusən də maliyyə bazarlarında baş verən böhranlı proseslərə baxmayaraq, ölkə iqtisadiyyatı uğurla inkişaf edib, xarici və daxili investisiyaları cəlb etməyə yüksək imkanlar yaradılıb. Rektor qeyd edib ki, ADİU-nun professor-müəllim heyəti xarici ölkələrdə ezamiyyətdə olarkən, nüfuzlu xarici jurnallara məqalələr yazarkən xarici investorlara Azərbaycan iqtisadiyyatında yaranmış şərait, rəqabət üstünlükləri ilə bağlı ətraflı məlumat verməlidir.

Tədbirin sonunda R.Səlimov professor-müəllim heyətinin suallarını cavablandırıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər