28 Yanvar 2015 11:04
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnfrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir.

AzərTAc xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində söyləyib.

“Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək”, - deyən Prezident İlham Əliyev bildirib ki, artıq bir neçə şəhərdə bu layihələr başa çatıb: “Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir. Çünki Azərbaycanın daxili su mənbələri məhduddur. Bizim əsas mənbələrimiz xaricdə formalaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada təmizləyici qurğuların tikintisi, eyni zamanda, daxili mənbələrin aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı su kəməri tikilmişdir. Bu da simvolik xarakter daşıyır”.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsaitin su kəmərinin tikintisinə qoyulduğunu xatırladan dövlətimizin başçısı deyib: “Bax, bizim siyasətimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir. Əgər elektriklə, yolların tikintisi ilə bağlı görülən müxtəlif işlər nəticəsində o vəsait uzun müddətdən sonra qayıdacaqsa, su təsərrüfatına qoyulan vəsait qayıtmayacaq. Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi”.


Müəllif: