29 Yanvar 2015 13:10
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlqar Əhmədov: “2015-ci ildə bütün obyektlərdə POS-terminalların quraşdırılması nəzərdə tutulub”

Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov nağdsız ödəniş sestemi ilə bağlı müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edir.

- İlqar müəllim, ölkəmizdə nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
- Bu gün ölkə iqtisadiyyatının müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Dünya təcrübəsi sübut edir ki, ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlılığın və şəffaflığın təmin edilməsi sahəsində mühüm tədbirlərdən biri də nağdsız ödəniş sisteminə keçiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, “gizli iqtisadiyyat”ın həcminin azaldılmasından, vergidən yayınma hallarının qarşısının alınmasından ibarətdir. Nəzarətdən kənarda qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının səmərəliliyinin aşağı düşməsinə səbəb olur.
Nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nağd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundur.

- Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə nağdsız ödəmə avadanlıqları olan POS-terminalların tətbiqinin genişləndirilməsi ilə bağlı ardıcıl işlər aparılır...
- Nağdsız dövriyyənin artırılmasının əsas şərtlərindən biri POS-terminalların tətbiqinin genişləndirilməsidir. Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi, eləcə də POS-terminalların tətbiqi ilə bağlı digər münasibətlər Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi” qaydaları ilə tənzimlənir.
Banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə 2014-cü ildə ölkəmizə 60 min ədəd POS-terminal gətirilmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, POS-terminalların bir hissəsi “kart vasitəsilə birbaşa təmas olmadan” istifadəni nəzərdə tutan ən müasir qurğulardır ki, son illərdə bunlar daha çox dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilməyə başlanılmışdır. 2014-cü il yanvarın 1-də respublikada 31 minə yaxın POS-terminal olduğu halda, artıq bu say 82 mini keçmiş, il ərzində daha 51 min POS-terminalın quraşdırılması təmin edilmişdir. İndiyədək quraşdırılmış POS-terminalların 64,1 faizi Bakı şəhərinin, 35,9 faizi isə regionların payına düşür. 2014-cü ildə əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur. Bakı şəhəri üzrə POS-terminalların sayında 1,9 dəfə artım baş verdiyi halda, regionlardakı artım 7,1 dəfə olmuşdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilib.

Vergilər Nazirliyi Mərkəzi Bank və kommersiya bankları ilə birlikdə ölkənin ticarət və xidmət sektorunda ödəmələrin nağdsız qaydada aparılması üçün zəruri infrastrukturun qurulması istiqamətində 2014-cü ilin fevral ayından başlayaraq ciddi tədbirlər həyata keçirir. Nazirlikdə yaradılmış qərargah tərəfindən POS-terminal quraşdırılmalı olan obyektlərin siyahısı müəyyənləşdirilmiş, onların quraşdırılması üçün həyata keçiriləcək proseslərin xəritəsi tərtib olunmuş və banklarla razılaşdırılıb. Qərargahın üzvləri ilə yanaşı, yerli vergi orqanlarında bu işlərlə məşğul olacaq məsul şəxslər müəyyən edilmiş və əlavə işçi qüvvəsi cəlb olunub.

Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə mütəmadi olaraq məlumatlandırma işləri aparılır. Vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nazirlik tərəfindən “POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr” hazırlanmışdır. 2014-cü il ərzində bununla bağlı 22500-dən çox şəxs fərdi şəkildə məlumatlandırılıb.
Vergilər Nazirliyinin Mərkəzi Bank və digər təşkilatlarla əlaqəli fəaliyyətinin nəticəsidir ki, POS-terminalların sayının artması ilə yanaşı, onlardan istifadə də genişlənməyə başlayıb. Ölkə ərazisində POS-terminal vasitəsilə aparılmış əməliyyatların həcmi 2014-cü ilin 11 ayı ərzində 353 milyon manat, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 17 milyon manat və ya 5,1 faiz çox olub. Bu fakt, eləcə də ölkə vətəndaşlarının həmin dövrdə Azərbaycanın xaricində POS-terminal vasitəsi ilə apardıqları nağdsız ödəmə əməliyyatlarının məbləğinin bundan iki dəfə artıq olduğu nəzərə alınaraq, tam əminliklə söyləmək olar ki, vətəndaşlarımızın böyük hissəsi artıq nağdsız ödənişlərə üstünlük verməyə başlayıb. 2015-ci ildə nağd əməliyyat aparan bütün obyektlərdə POS-terminalların quraşdırılması nəzərdə tutulub.

- Azərbaycanda tam nağdsız ödəniş sisteminə keçilməsinə zəmin varmı?
- Ölkəmizdə nağdsız ödəniş sisteminə keçilməsinə imkan verən amillərdən biri ödəniş kartlarının sayının artıq 6 milyona çatmasıdır. Mövcud POS-terminalların sayı da nağdsız ödəniş sisteminə keçmək üçün kifayət qədərdir. İndi qalır onlardan hər yerdə istifadə edilməsinə nail olmaq. Bunun üçün əhali arasında aparılan maarifləndirmə işləri daha da genişləndirilməli, banklar POS-terminallardan istifadənin əhali üçün iqtisadi cəhətdən daha sərfəli olması üçün konkret əməli tədbirlər görməli, nağd ödənişlərin həcminin azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilməlidir.

Bunlar isə öz növbəsində iqtisadiyyatda şəffaflığın daha da artmasına, ölkə başçısının dəfələrlə vurğuladığı kimi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.

- Azərbaycan bu il ilk Avropa Oyunlarına ev sahibliyi edəcək, bu səbəb¬dən ölkəyə turist axınının artacağı gözlənilir. Bunu POS-terminalların quraşdırılması prosesinin sürətləndirilməsini şərtləndirən amillərdən biri hesab etmək olarmı?
- Ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması son illər Bakıda və bölgələrdə kecirlilən beynəlxalq və regional tədbirlərin miqyasını da genişləndirib. Azərbaycana gələn turistlərin sayında da ciddi artım müşahidə olunur. Tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları zamanı respublikamıza çoxlu sayda idman heyətlərinin və azarkeşlərin gələcəyi gözlənilir və bu qonaqlar, təbiidir ki, Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər. Ona görə də Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur.

Naibə QURBANOVA


Müəllif: