2015-ci ilin mart ayında Bakı və Gəncə şəhərlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGMTŞ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gəncə 2016: Gələcəyə Baxış” forumu keçiriləcək.
ARGMTŞ-dan Teleqraf.com-a verilən məlumata görə, forumda Gəncə şəhər İcra Hakimiyyəti, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” Təşkilat Komitəsi, 2009-cu ildən bəri Avropa Gənclər Paytaxtı olmuş ölkələrin Gənclər Milli Şuralarının nümayəndələri və ARGTMŞ-ın üzvü olan yerli gənclər təşkilatlarının rəhbərləri iştirak edəcək.
Forumun məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərinin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir.
Forum zamanı iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, layihə çərçivəsində müxtəlif mövzülarda sesiyalar keçiriləcək, görülmüş və görüləcək işlər müzakirə olunacaq. Həmçinin tədbirdə Avropa Gənclər Paytaxtların nümayəndələrinin tövsiyyə və təklifləri dinləniləcək.
ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov Gənclər Milli Şuralarının Azərbaycanda toplanılması Avropa Gənclər Paytaxtı - 2016 üçün böyük uğurdur: “Gəncə şəhərin 2016-ci il üzrə Avropa Gənclər Paytaxtı olması, bilavasitə Azərbaycan Gənclər Siyasətinin uğurlarından biridir. ARGTMŞ artıq uzun müddətdir ki, üzvü olan gənclər təşkilatları ilə birgə Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yaradılmış təşkilati komandanın işində yaxından iştirak etmiş, Avropa səviyyəsində bu prosesi dəstəkləmişdir və bu layihə də Avropa Gənclər Paytaxtının dəstəklənməsi istiqamətində atılan atdımlardan biridir. Bildiyiniz kimi, ARGTMŞ Avropa Gənclər Forumunun üzvüdür və Forumun fəaliyyətində Gənclər Milli Şuraları ilə daima əməkdaşlıq edir. Bugünədək ARGTMŞ tərəfindənAvropa Gənclər Forumunun üzvü olan Gənclər Milli Şuralarının nümayəndələrinin Azərbaycana səfəri, yerli gənclər platformaları ilə əməkdaşlığının qurulması sahəsində bir çox tədbirlər təşkil olunub. Bu istiqamətdə fəaliyyətimizi davam etdirmək məqsədilə, bu il ərzində də “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” ilə bağlı bir sıra layihə və tədbirlər həyata keçirməyi planlaşdırırıq. Bu ilin payızında 300 nəfərin iştirakı ilə Gəncə şəhərində keçiriləcək Avropa Gənclər Forumunun üzvlərinin ümumi yığıncağı isə bu tədbirlərdən ən böyüyü olacaqdır.”
Xatırladaq ki, Avropa Gənclər Paytaxtları 2009-cu ildən bəri seçilirlər. Bu günədək Rotterdam, Türin, Atverpen, Praqa, Maribo, Soloniki və Cluj-Napoka şəhərləri Avropa Gənclər Paytaxtı statusu qazanıblar. 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə şəhəri Avropa Gənclər paytaxtı seçilmişdir.