“Elm haqqında” qanun layihəsi parlamentin plenar iclasının müzakirələrinə tam hazır vəziyyətdədir.
Milli Məclisin (Elm və təhsil komitəsinin toplantısı keçirilib.
Komitənnin sədri Şəmsəddin Hacıyev deyib ki, “Elm haqqında” qanun layihəsi plenar iclasın müzakirəsinə çıxarılmağa hazırdır. Onun qeyd etdiyinə görə, qanun layihəsi ilə bağlı artıq heç bir qurumla adıçəkilən komitə arasında fikir ayrılığı yoxdur: “Bildiyiniz kimi, payız sessiyasının sonlarında biz bu qanun layihəsini birgə komitələrin iclasında çox geniş şəkildə müzakirə və sonda onu parlamentin plenar iclasına tövsiyə etdik. Həmçinin müzakirələrdən sonra qanun layihəsi ilə bağlı stenoqrammanı əldə etdik və müzakirələr zamanı 18-dən artıq millət vəkilinin irəli sürdüyü təklif və tövsiyəni diqqətlə araşdırdıq. Həmçinin, yanvar ayında qanun layihəsi ilə bağlı bir sıra nazirlik və dövlət qurumundan - Maliyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən, Ali Attestasiya Komissiyasından çox geniş rəy və tövsiyələr aldıq.
Komitənin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, bu qanunun qəbulu elm və təhsilin vəhdətini yaradacaq: “Artıq ali təhsil müəssisələrimiz həm də bir elm ocağı kimi fəaliyyət göstərəcək”.
Sözügedən komitənin üzvü, professor Musa Qasımlı öz növbəsində sözügedən sənədi Azərbaycan elminin tarixində müstəsna xidməti olan sənəd kimi dəyərləndirib: “Bu qanun elmimizin inkişafına, həmçinin elm adamlarımızın sosial-rifah halının yüksəlməsinə öz müsbət töhfəsini verəcək, eyni zamanda elmimizə yaxşı mənada rəqabət gətirmiş olacaq”.
Azərbaycan Müəllimlər Universitetinin rektoru Aqiyə Nazxçıvanlı da “Elm haqqında” qanun layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu sənəd Azərbaycan elminin inkişafında müstəsna rol oynayacaq: “Bildiyiniz kimi, bizim bəzi bölgələrdə ali təhsil müəssisələrimiz var, o cümlədən bizim universitetin də yerlərdə filialları fəaliyyət göstərir. Onlardan, hətta bəziləri özlərini doğrultmadığına, genişlənə bilmədiyinə görə bağlanıblar. Bu zaman təbii ki, həmin müəssisələrdə çalışan bəzi elmi dərəcəli insanlarımız, müəllimlərimiz işsiz qalır və onlar Bakıya üz tutmalı olurlar. Ona görə yaxşı olardı ki, həmin elmi dərəcəli müəllimlər Bakıya gəlməsinlər, onlar işlədikləri bölgələrdə fəaliyyət göstərən orta məktəblərə işləmək üçün göndərilsinlər. Bu, çox yaxşı olardı”.
Nemət