Cari ilin 25-27 aprel tarixlərində Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev Polşa Respublikasının paytaxtı Varşava şəhərində Avropa Hakimlər Assosiasiyasının İllik Toplantısında iştirak ediblər.
Azərbaycan Hakimlər İttifaqından Teleqraf.com-a verilən məlumata görə, tədbirin ilk günü Polşa Respublikasının Senatında Polşa Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə hakimlərin müstəqillik təminatlarına həsr olunmuş “1000 hakim mantiyası-daha yaxşı Avropa uğrunda” adlı beynəlxalq konfrans işinə başlayıb. Konfransda Polşanın ədliyyə naziri Adam Bodner və müxtəlif ölkələrin nümayəndələri çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar.
Növbəti gün 44 ölkənin hakimlərinin iştirak etdiyi Avropa Hakimlər Assosiasiyasının İllik Toplantısında Avropa Hakimlər Assosiasiyasının sədri Mikael Sjoberg təşkilatın ötən il ərzində həyata keçirdiyi fəaliyyət barədə, habelə ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verib.
Xüsusilə, İtaliya, Sloveniya, Macarıstan və İspaniyada hakimlərin müstəqilliklərinin məhdudlaşdırılması ilə bağlı mövcud vəziyyətin narahatçılıq doğurduğu vurğulanaraq, təxirəsalınmaz tədbirlərin görülməsinə dair müvafiq qətnamələr qəbul edilib.
Tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan Hakimlər İttifaqı nümayəndə heyətinin üzvü Sənan Hacıyev tədbirdə çıxış edərək, son dövrlər Azərbaycanda keçirilmiş məhkəmə-hüquq islahatları barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara edilən son dəyişikliklər konfrans iştirakçıları arasında xüsusi maraq doğurub.
Daha sonra Avropa Hakimlər Assosiasiyasında fəaliyyətdə olan 2 işçi qrupa əlavə olaraq “Hakimlərin əmək haqları və pensiyaları” adlı yeni işçi qrupun təsis edilməsi qərara alınıb, digər işçi qrupların isə hesabatları dinlənilməklə təsdiq olunub.
Tədbir çərçivəsində iştirakçılar Polşa Respublikası Senatının fəaliyyəti ilə yaxından tanış olublar.
Xatırladaq ki, Avropa Hakimlər Assosiasiyası 1953-cü ildə təsis edilmiş və əsas fəaliyyəti dünyada insan hüquq və azadlıqlarının təminatçısı olan məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş Beynəlxalq Hakimlər Assosiasiyasının regional qrupudur. Azərbaycan Hakimlər İttifaqı 15 ildən artıq müddətdir ki, bu qurumla əməkdaşlıq edir.