Güləş üzrə U-17 Azərbaycan çempionatında qızıl medal qazandıqdan sonra sosial şəbəkələrdə anasına kövrələrək təşəkkürü ilə gündəm olan Hacıhüseyn Əhmədzadə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, “Xəzər TV”yə danışan idmançı həmin anları şərh edib.
O, güləşdə uğur qazanmasında anasının böyük rolu olduğunu bildirib: “Mənim anam olmasaydı, bunların heç birinin gerçəkləşəcəyinə inanmırdım. O idi mənə dəstək olan. Gündə 2 dəfə Bakıdan Sumqayıta məşqə gedirdim. Çəki barədə problemlərim də olurdu, aşağı salmaq lazım gəlirdi. Bu boyda yolu ac qayıdırdım, təzədən ikinci məşqə getməli olurdum. Anam da mənə dəstək oldu. Dəfələrlə ona dedim ki, mən uduza da bilərəm, əziyyətimiz yerdə qalar. Dedi ki, ona görə narahat olma”.
İdmançının anası Ramilə Əhmədova isə oğluna daim inandığını deyib: “Həmişə dua edirdim ki, yaxşı idmançı olsun. Allah da məni arzuma çatdırdı. Həmişə deyirdim məqsədimiz odur ki, sənə baxıb “halal olsun” desinlər. Hiss edirdim ki, onun gələcəyi var. Ümid edirəm ki, bizə Avropa çempionluğu medalını gətirəcək”.