31 Yanvar 2015 15:34
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zemfira Budaqova: “Şəhər sakinlərində bir sıra vərdişlərin aşılanması üçün inzibati üsullardan yararlanmaq lazımdır”

Sumqayıt şəhər icra hakimiyyəti çoxmərtəbəli binalarda yaşayan sakinlər üçün qəribə qərar verib. Bundan sonra sakinlər yuyulmuş paltarı qurutmaq üçün istədiyi yerdən asa bilməyəcəklər. Bunun üçün şəhər icra hakimiyyətində tədbirlər planı hazırlanıb. Artıq şəhər sakinlərinə də xəbərdarlıq edildiyi bildirilir.

Ancaq vəziyyətin obyektiv səbəbləri də nəzərə alınaraq ilkin mərhələdə binaların küçəyə tərəf hissəsində paltar sərilməsi qadağan ediləcək. Bu iş mənzil istismar sahələrinə tapşırılıb. Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir.

“Əvvəl sakinlərə şərait yaradılmalıdır”

Çoxmərtəbəli binaların bəzi sakinləri yuyulmuş paltarları qurutmaq üçün eyvandan həyətə, ya da küçənin ortasındakı dirəklərə uzadılan iplərə asır. Sakinlər paltarları asmaq üçün başqa yerlərinin olmadığı əsas gətirərək özlərini müdafiə edirlər.

Sumqayıt şəhər 12 saylı mənzil istismar sahəsinin rəisi Fərhad Camalovun sözlərinə görə, mövcud problem şəhərin bütün istiqamətlərindəki yaşayış binalarında hökm sürür: “Bununla bağlı Sumqayıt şəhər rəhbərliyinin tapşırığına əsasən, həmin binada yaşayan sakinlərə hətta xəbərdarlıq da edilib. Binaların fasadlarının qorunması, ya da paltarların eyvanda asılmaması üçün yuxarı instansiyadan hansısa sərəncam verilməsinə ehtiyac görməyən sakinlərə bildirildi ki, məsələnin kökündən həll olunması üçün əvvəlcə sakinlər üçün şərait yaradılmalıdır. Yoxsa bu qərarın icrası mümkün olmayacaq”.

Mənzil istismar sahəsinin rəisinin sözlərinə görə, bir sıra xarici dövlətlərdə, eləcə də keçmiş Sovet İttifaqına daxil olan bir çox ölkələrdə binaların görünən hissələrində paltar asmaq qadağan edilib: “Azərbaycanda isə rəsmi şəkildə belə bir qadağa yoxdur. Yalnız Naxçıvan və Sumqayıt şəhərlərində həmin təcrübə tətbiq olunur. Bu işə mənzil istismar sahələri nəzarət edir”.

“Onları cərimələmək lazımdır”

Memar Zemfira Budaqova deyir ki, insanlar binaların fasadlarında yalnız paltar asmaqla kifayətlənmir, hətta çanaq antenaları da quraşdırırlar: “Bu da əlbəttə, binanın eybəcərləşdirilməsinə gətirib çıxarır. İnsanlara deyirsən, binaya yaxın əraziyə, küçəyə zibil atmaq olmaz, amma görürsən ki, bir az kənara gedir, zibili ora boşaldır. Şəhər adamı şəhər mədəniyyətinə uyğun yaşamalıdır. Onlar əllərindəki zibili küçəyə atmasalar, paltarları qeyri-münasib yerdən asmasalar, həm şəhər gözəl görünər, həm də təmizliyə, səliqə-sahmana riayət olunar.

Onu da nəzərə almalıyıq ki, Bakı qonaq-qaralı şəhərdir. Paytaxtımıza gələn əcnəbilər belə şeyləri heç də yaxşı qarşılamırlar. Zənnimcə, şəhər sakinlərində bir sıra vərdişlərin aşılanması üçün inzibati üsullardan yararlanmaq lazımdır. Dövlət qurumları binaların yalnız görünən tərəfinə deyil, içəri tərəflərə də nəzarət etməlidir".

Hüquq müdafiəçisi Novella Cəfərovanın fikrincə, müvafiq göstərişlərə məhəl qoymayan sakinlər yenidən binalarda paltar sərərlərsə, onları cərimələmək lazımdır: “Mən çox ölkələrdə olmuşam, heç yerdə binanın mərkəzi küçəyə baxan tərəfindən paltar sərilmir, yaxud kondisioner quraşdırılmır. Pəncərə və ya balkonları mərkəzi küçələrə baxan binalarda peyk antenası, kondisioner quraşdırılması, paltar sərilməsi qadağandır. Lakin buna qədər insanlar üçün müəyyən şərait də yaradılmalıdır. Yəni, qadağan etməzdən əvvəl şərait yaratmaq lazımdır. Bəzi ölkələrdə paltarı sərməyə yalnız bir şərtlə icazə verilir ki, o, küçədən görünməsin”.

“Bu, səliqəsiz cəmiyyətin əlamətdir”

Kulturoloq Aydın Xan Əbilov deyir ki, balkonlardan uzadılan iplərə paltar asılması binaların yarımçıq layihələndirilməsindən də irəli gəlir: "Ümumiyyətlə, nəinki köhnə binalarda, lap elə təzə tikintilərdə də mənzil sahibləri dəyişiklik etməyə məcbur olurlar. Bu məsələdə “gəlmə mədəniyyəti”nin də izi var. Son zamanlar Bakıda çoxsaylı yaşayış binaları tikilib. Həmin binalara əsasən xaricidən və rayonlardan gələn insanlar məşkunlaşırlar. Onlar da həmin mənzillərin həm daxilində, həm də xaricində dəyişiklik edirlər. Bəzən evlərə artırma əlavə edir, bəzən də şüşə ilə bağlayaraq onun qarşısını kəsirlər. Bundan başqa, yuyulmuş paltarları qurutmaq üçün yer də düşünmək lazım olur. Bunun üçün balkonlardan dəmir, ip alətlərindən istifadə etməklə paltarasan quraşdırırlar”.

Müsahibimiz qeyd etdi ki, təmirdən çıxmış binaların qarşısında asılan paltarlar şəhərin görünüşünü korlayır: “Təsəvvür edin ki, böyük vəsait hesabına təmir olunmuş yaşayış binalarının hər birinin qarşısında müxtəlif paltarlar asılır. Şəhərin, küçələrin estetik və arxitektur görünüşü korlanır. Bu da şəhərə gələn qonaqların təsəvvüründə bizim səliqəsiz, geridə qalmış toplum imicimizi formalaşdırır. Bəzən hətta alt paltarların da küçədə asıldığına rast gəlirik. Bu, əlbəttə, ictimaiyyətin haqlı etirazına səbəb olur”.

Aydın Xan Əbilov deyir ki, sənaye üsulu ilə hazırlanmış asılqanlar var. İnsanlar həmin asılqanlardan normal paltarlarını asa bilərlər: “Bu, həm yerdən, həm də tavandan bərkidilən asılqanlardır. Həmin asılqanlardan istifadə etmək lazımdır. Amma fikrimcə, bu məsələlərdə inzibati təzyiq vasitələrindən, o cümlədən qadağa və cərimələrdən də yararlanmaq lazımdır”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər