Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb.
Bu barədə Teleqraf.com-a Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, kitaba şairin Vətən, həyat, mərhəmət, ölüm, sevgi kimi əbədi mövzuları əhatə edən şeirləri daxil edilib. Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən sətirləri eşidirəm...” fikirləri ilə açılan kitaba toplanan şeir silsilələri “Vətən”, “Həyat nədir, ölüm nə”, “Haradasan, dünyanın yaxşı adamı?”, “Mənə güc ver, İlahi!”, “Gedim bir az ağlayım”, “O biri həyatda dönərsən geri” kimi fəsillərdə təqdim olunur. Şeirlər Azərbaycan dilinə kifayət qədər yüksək peşəkarlıq, bədii texnika ilə tərcümə olunub, şairin üslub özünəməxsusluğu, poetik intonasiyası qorunub saxlanılıb.
Nəşrin “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, şeirlərin tərcümə müəllifləri Xalq yazıçısı Afaq Məsud, şair-tərcüməçi Salam Sarvan, redaktoru isə yazıçı-tərcüməçi Yaşar Əliyevdir.