“Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərsində qadınlar üstünlük təşkil edir. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunmuşdu ki, onların da 73,7 faizini qadınlar təşkil etmişdi. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadınlar idi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
O, qadınların elmi fəaliyyətdə aktiv iştirakını müsbət hal kimi dəyərləndirib və bunun birmənalı şəkildə dəstəklənməli olduğunu söyləyib:
“Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var. Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əməkhaqqı 700 manatdan bir az çox olub. Bu, ölkə üzrə 934 manatlıq orta aylıq əmək haqqından da az maaşdır”.
Deputat vurğulayıb ki, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür:
“Gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir. Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub. Ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir və onların da əməkdaşlarının 52,1 faizi qadındır”.