Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Vahid Sadıqov övladlığa götürmə mövzusu barədə danışıb.
Teleqraf.com-un xəbərinə görə, hakim qeyd edib ki, övladlığa götürmənin iki qaydası mövcüddur:
Müvafiq icra hakimiyyəti orqanında uçota alınmaqla həmin orqan vasitəsilə övladlığa götürmə;
Uşağın qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), ögey ata, ögey ana tərəfindən (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) və onu 3 aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürülməsi.
Birinci halda övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması Ailə Məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu elektron formada aparır.
Vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:
Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.
Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar.
Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur.
Göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda isə onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 ay müddətində etibarlıdır.
Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) barələrində təqdim etdikləri məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 il müddətində övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsindən kənarlaşdırılırlar.
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir (118 m):
övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Müsahibə aparılması: Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır.
Təlimlərə cəlb etmə: Öz ölkələrində övladlığa götürmə ilə bağlı təlim keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, müsahibədən keçmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən övladlığa götürmə ilə bağlı 30 (otuz) gündən çox olmayan müddətdə təlimlərə cəlb edilir. Öz ölkəsində övladlığa götürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təlimlərə cəlb edilmirlər.
Təlimin nəticələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilir.
Uyğun uşağın və uyğun övladlığa götürmək istəyən şəxsin seçilməsi və onların görüşünün təşkil edilməsi: Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanı, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyini nəzərə almaqla, övladlığa götürülən uşağa uyğun valideyn və övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşaq seçir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir.
Uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi: Görüşün (görüşlərin) nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində müvafiq icra hakimiyyəti orqanı və övladlığa götürmək istəyən şəxs (şəxslər) arasında bağlanmış müqavilə əsasında yerləşdirilir.
Uşaq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan övladlığa götürmək istəyən şəxsin (şəxslərin), o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ailəsində sınaq müddətində həmin şəxslərin Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, əks halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.
Sosial işçi uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin monitorinqini aparır. Monitorinqin nəticəsi mənfi olduqda uşaq sosial xidmət müəssisəsinə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür.
Müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir.
Rəy müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Rəy mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür.
Müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) yuxarıda qeyd olunan prosedurları təkrar keçməlidirlər.
İstisnalar:
Uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) yuxarıda qeyd olunan tələblər (övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi, övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili və övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi) onlara şamil olunmur;
Uşaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, göstərilən tələblər (övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması istisna olmaqla) tələbləri həmin şəxslərə şamil edilmir;
Uşaq onu 3 aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə, göstərilən tələblər (övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi istisna olmaqla) həmin şəxslərə də şamil olunmur.
Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində Ailə Məcəlləsinin 119.2-ci maddəsində göstərilən, yəni yuxarıda sadaladığımız məlumatların monitorinqini aparmaq hüququna malikdir.
Vahid informasiya bazasında uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:
vəfat etdikdə;
18 yaşına çatdıqda;
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.
Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır:
vəfat etdikdə;
bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə;
sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;
valideyn vəzifələrini həyata keçirməsinə imkan verməyən xəstəliyə tutulduqda;
barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində.
Uçotdan çıxarılan şəxslər, 1 ildən sonra təkrar uçota alınırlar.