2 İyul 16:12
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb. Cari ildə Xəzər dənizinin şimal-şərq hissəsində (Atırau vilayəti) suyun səviyyəsi 119 sm qalxıb. Bu barədə Qazaxıstan Respublikası Su Resursları və Suvarma Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Dəniz səviyyəsinin qalxmasına aprel-may aylarında Jayıq çayı vasitəsilə Xəzərə bol daşqın suyunun daxil olması və nazirliklə yerli icra orqanlarının birgə çəkdiyi əlavə kanallar təsir göstərib. Məlumdur ki, uzun müddətdir Xəzərdə suyun səviyyəsinin azaldığı ilə bağlı müzakirələr aparılır.

Teleqraf.com-a danışan coğrafiyaşünas Ənvər Əliyev deyir ki, Xəzər dənizinin səviyyəsində periodik dəyişmələr mümkündür:

“Xəzərdə suyun artıb-azalması hər zaman olub. Burada təəccüblü nəsə yoxdur. Hesab edirəm ki, nə vaxtsa Xəzər yenidən qalxmağa başlayacaq. Ancaq bilməliyik ki, Xəzərin enməsə qədər qalxması da faciədir. Ətrafa, infrastruktura balıqlara ziyan verir. Başlıca amil Xəzərin iqlimi ilə bağlıdır. Dənizin dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə səbəb olur. Xəzərin quruması ilə bağlı fikirlər yanlışdır. Bu mümkün deyil. Yeraltında tektonik qabarmalar ola bilər ki, bunun nəticəsindədə dəniz suyu arta bilər.

Quraqlığın uzun müddət davam etməməsi fonunda Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi heç də qorxulu deyil. Xəzər qapalı göldür. Yalnız ətrafdakı çayların qidası hesabına səviyyəsi enir-qalxır. Ümumiyyətlə, Xəzər dənizinin səviyyəsi uzun illərdir ki, dəyişir. Bütün tarixi dövr ərzində belə olub.

Son illər dənizin səviyyəsinin aşağı düşməsi isə quraqlıq və yağıntıların miqdarının azalması ilə bağlıdır. Xəzərin qidalandırdığı ərazilərdə yağıntılar azalıb. Sovet dönəmində, 70-ci illərində Xəzərin səviyyəsi kifayət qədər endi. O zaman Ural çayını Xəzərə birləşdirmək istəyirdilər. Sonradan dənizin səviyyəsi qalxmağa başladı”.

Ənvər Əliyevin sözlərinə görə, dənizin səviyyəsinin enməsi prosesi uzun müddətli davam edərsə, həyəcan təbili çalmaq olar:

“Belə fikirlər var ki, “Xəzər quruyur”, ancaq hazırda qorxulu vəziyyət yoxdur. Enmə prosesinin uzunmüddətli xarakter alması o halda baş verə bilər ki, Xəzəri qidalandıran Volqa, Araz, Kür və İrandakı çayların suyu azalsın. Xəzər dənizi 70-80 faiz yağış sularından qidalanır. Bu da dövrü qanunauyğunluqdur. Mənə elə gəlir ki, Xəzər dənizi ilə bağlı belə qorxulu proqnozlar vermək düzgün deyil”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər