“Ölkə daxilində ictimai sabitliyin təmin olunması dövlətin mövcudluğunun, inkişafın, vətəndaşların əsas hüquq və azadlıqlarının təminatının başlıca şərtlərindəndir. Qanun pozucuları məsuliyyətə cəlb edilməsə, ictimai asayiş qorunmasa vətəndaşların sosial rifahları da risk altında olar. Azərbaycanda polisin xidməti fəaliyyətinin əsas qayəsi də vətəndaşın təhlükəsizliyini, ictimai asayişi hər cür təhdiddən qorumaq, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaqdır”.
Bunu Teleqraf.com-a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, iyunun 24-də Bakıda dələduzluqda şübhəli bilinən və axtarışda olan Rövşən Allahverdiyev 3 polis əməkdaşını qətlə yetirib:
"İyulun 6-da isə Suraxanı rayonunda 8 dəfə məhkumluq həyatı yaşamış, oğurluq əməllərinə görə axtarışda olan kriminal ünsür polis kapitanının həyatına son qoydu. Hər iki dəhşətli cinayət hadisəsi cəmiyyətimizin böyük hiddətinə səbəb oldu. Baş verənlər Azərbaycan polisinin səlahiyyətlərinin genişləndirilməsi gündəmə gətirdi. Hesab edirəm ki, yeni qanun qəbul olunmalı və polis əməkdaşlarının səlahiyyətlərini artırmaq lazımdır. Xüsusi ilə polis əməkdaşlarına qarşı yönəlmiş hər hansı bir kobudluq və zoraklıq hallarının cəzası daha sərtləşdirilməli və polis əməkdaşlarının səlahiyyətləri artırılmalıdır”.
Onun sözlərinə görə, vətəndaşlarımızın təhlükəsizliyinə cavabdeh olan polis orqanlarında çalışan əməkdaşların təhlükəsizliyə biganə qala bilmərik: “Ona görə də hesab edirəm ki, bu barədə yeni bir qanun qəbul olunmalıdır. Qısa vaxt ərzində bir müxtəlif günlərdə bir neçə polis əməkdaşının cinayətkar tərəfindən həlak edilməsi cəmiyyətimiz üçün də yaxşı hal deyil. Artıq hörmətli millət vəkilləri də təklif edirlər ki, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməli, polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir. Azərbaycan polis öz canı bahasına xalqımızın hər bir fərdinin təhlükəsizlini qoruduğu halda hansısa bir cinayətkarın onların həyatlarına son verməsi hər bir azərbaycanlı üçün ağrılıdır. Biz öz polisimizi qorumalı və cinayətkarlar tərəfindən onlara qarşı yaradılacaq bütün təhlükələrin qarşısını vaxtında almalıyıq! Biz bunu etməsək, polislərimizi həm qanunlarımızla həm də fərdi qaydada qorumasaq onda gələcəkdə bizim və övladlarımızın təhlükəsizliyini polis əməkdaşları necə qoruya bilər axı? Evimizdə yetişdiryimiz övladlarımızın böyük əksəriyyəti polis olmaq və xalqımızın təhlükəsizliyini qorumaq arsuzundadır, səbəb isə çox sadədir- Azərbaycan polisinə olunan rəğbət!”
Alıyev qeyd edib ki, bu dövlətin qüdrəti onun qanunlarının aliliyində, konstitusiya quruluşunun dəyişməzliyindədir:
“Xaricdə oturub Azərbaycanda xaos yaratmaq istəyən, polisə qarşı ictimai etimadsızlıq mühiti formalaşdırmağa cəhd edən ünsürlərin suyu bulandıraraq balıq tutmaq istəkləri ürəklərində qalacaq. Dövlətin, cəmiyyətin təhlükəsizliyinə cavabdeh olan polisi gözdən salmaq, cinayətkarları müdafiə edənlərin özləri də məsuliyyətə cəlb olunacaqlar. Azərbaycana qarşı iyrənc kampaniya aparan hər bir kəs gez-tez cəzalarını alacaqlar. Azərbaycan polisi - istər məişət xuliqanı olsun, istərsə də qatil – cinayət törətmiş bütün şəxsləri məsuliyyətə cəlb edəcək qüdrətinə sahibdir. Azərbaycan polisinin ABŞ və Avropadakı həmkarlarından fərqli olaraq cinayətkarları rənginə, etnik mənsubiyyətinə görə fərqləndirmir, əlini cibinə aparan şübhəlini dərhal güllələmir, icazəsiz mitinqə çıxanları rezin güllələrlə, gözyaşardıcı qazlarla zərərsizləşdirmir. Qərb polisinin qarşısında farağatda dayanan, onun hər bir əmrinə müti olan bəzi siyasi mühacirlər Azərbaycan polisinin humanistliyindən sui-istifadə edirlər”.
Sonda təşkilat sədri əlavə edib ki, qışın boranında, yayın qızmar istisində, gecə-gündüz ölkədə ictimai sabitliyi, yollarda təhlükəsizliyi qoruyan, Qarabağ və Şərqi Zəngəzurda qürurla xidmət aparan Azərbaycan polisi dövlətinə, onun rəhbərliyinə, xalqına və qanunlarımıza öz sədaqətini daim göstərir və bununla fəxr edir.