Ölkədə qəribə kafe və restoran adlarına rast gəlmək mümkündür. “Qaçaquç” , “Yedin dur”, “Bu gün pullu, sabah pulsuz” , "Usta Elşadın qırğın dönəri", “Nahidin Restoranı” , “Ay Qonşu”, “Arı Məmməd”, “Kamalın Təndiri” və sair kimi adlar bura daxildir. Kafe və restoran sahibləri belə adları seçməkdə daha çox müştəri cəlb etmək məqsədi güddüklərini deyirlər.
İaşə obyektlərinin ad seçiminə nəzarət varmı? Ad seçimi zamanı hansı tələblər qoyulur?
Məsələ ilə bağlı məlumat öyrənmək üçün Dövlət Reklam Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Hüseyin Azəri Teleqraf.com-a açıqlamasında kafe və restoran adları ilə bağlı məsələlərin Dövlət Reklam Agentliyinin nəzarətində olduğunu bildirdi:
“Bizim sakibkarların işinə müdaxilə etmək hüququmuz yoxdur. Ad seçmək onların ixtiyarındadır. Dövlət Reklam Agentliyi açıq məkandakı reklamlara nəzarət edən tənzimləyici qurumdur. Sahibkarlar açıq məkanda obyektlərinin üzərinə adlarını vurmazdan əvvəl Dövlət Reklam Agentliyindən icazə almalıdırlar. İcazə üçün onlayn müraciət kifayətdir.
Obyektin üstünə vuracaqları reklamın eskizi bizə göndərilir. Bu nümunələrə baxırıq, hansısa qanunauyğunsuzluq yoxdursa, reklamların yayımına icazə verilir. Əgər qanundankənar reklam aşkarlanarsa, sahibkarları cərimə gözləyə bilər. Cərimələrin miqdarı 300 manatdan 10 min manata qədərdir”.
Qurum rəsmisi kafe və restoranlara ad seçiminə müdaxilə olunmadığını deyir:
“Sahibkarların ad seçiminə müdaxilə etməyə ixtiyarımız yoxdur. Qanunvericilikdə nəzərdə tutulub ki, açıq məkanlarda reklamlar dövlət dilində olmalıdır. Xarici dildə o halda ola bilər, ki, onların müvafiq əmtəə nişanı olsun. Əgər sahibkar obyektin adını xarici dildə qoyubsa, əvvəlcə Azərbaycan dilində yazılmalı, sonra əcnəbi dildə yazı gəlməlidir. Xarici dildə olan yazının mətni Azərbaycan dilində olan mətnin həcmindən böyük ola bilməz.
Ancaq ad seçərkən sahibkarların hüququna müdaxilə edə bilmərik. Sahibkar istərsə, heç bir məna kəsb etməsə belə, ailə üzvlərinin adlarının baş hərflərini də yaza bilər. Əmtəə nişanı varsa və ya dövlət dili ilə bağlı qanunauyğunsuzluq yoxdursa, bu halda bizim tərəfdən icazə verilir.
Dəfələrlə əhaliyə müracət etmişik ki, hansısa bir qanunun tələblərinə cavab verməyən reklamlarla rastlaşsanız, bunu adra.gov həştəqi ilə bizə bildirin”.