Xocalıda yüzlərlə günahsız azərbaycanlının öldürülməsində iştirak etməkdə ittiham olunan Raşid Beqlaryanın 32 il sonra Azərbaycan məhkəməsində mühakiməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, cinayət işini Füzuli Rayon Məhkəməsinin hakimləri araşdırıb.
Qanunun tələbinə uyğun olaraq Beqlaryan məhkəmədə dövət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmədə olanlar və iş materiallarında qeyd edilənlər tək-tək ona izah edilib.
Raşid Beqlaryan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulub. Cinayət işinin istintaqı Xidmətin İstintaq Baş İdarəsində aparılıb.
Beqlaryan müharibə cinayətlərinin törədilməsində ittiham olunur. O, hələ ibtidai istintaq dövründə Xocalı soyqırımının törədilməsi ilə bağlı önəmli məlumatlar verib. 1992-ci ilin fevralın 26-da özünün də daxil olduğu silahlı birləşmələr tərəfindən 200 nəfərə kimi mülki azərbaycanlını xüsusi amansızlıqla güllələdiklərini etiraf edib. Məhkəmənin əvvəlki iclaslarında bu barədə o, ətraflı danışıb.
İstintaq zamanı məxfi məlumatlar əsasında Belaryanın hesabına Fransa Respublikasından 2 milyon avroya yaxın pul köçürüldüyü ortaya çıxıb. Özünün dediyinə görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər. Amma bu onun iddiasıdır.
Bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı Raşid Beqlaryanın müharibə ilə bağlı olan və digər cinayətlərin törədilməsində təqsirli bilinərək, 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini xahiş ediblər. Təqsirlındirilən şəxsin vəkili müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Beqlaryan özü də son sözündə ona yüngül cəza təyin edilməsi xahişi ilə çıxış edib. Əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır, əmr icra edib.
Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Raşid Beqlaryan müharibə cinayətlərinin törədilməsində təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib.
O, cəzasının 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 62 yaşlı Raşid Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində sərhədi qanunsuz keçərkən saxlanılıb. DTX-nin vəsatəti əsasında barəsində həbs qətimkan tədbiri seçilib