12 İyul 18:05
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşid Məmmədov ifadə verib.

Məhkəmədə məlum olub ki, Zahid adlı şəxs Rəşid Məmmədovun adına 14 şirkət açıb. Ona xərclik verərək həmin şirkətlərin sənədlərini təqdim etməklə müvafiq qurumların elan etdiyi tenderlərdə iştirak edib. Həmin şirkətlərdən biri - TRİUMF TT" MMC Müdafiə Nazirliyinin tenderində qalib gəlib. Zahid adlı şəxs vəfat etdiyi üçün həmin şirkətlərin vergi borcuna görə Rəşid Məmmədov həbs edilib. Şahid bildirib ki, adına açılan 14 şirkətin borcu ilə bağlı həbsdədir.

Onun sözlərinə görə, həmin şirkətlərin 2 milyon manat vergi borcu olub. Bu faktlardan xəbəri olmadığını deyən Rəşid Məmmədov bildirib ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılmış cinayət işi üzrə çıxarılmış məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə həbs edilib: "Şirkətləri Zahid adlı şəxs açıb. Buna görə də mənə 500 manat pul verdi. Şirkətlərin fəaliyyətindən xəbərim olmayıb".

Adına açılan "TRİUMF TT" MMC-nin Müdafiə Nazirliyi ilə işbirliyindən xəbəri olmadığını deyən şahid qeyd edib ki, nazirliklə 1 milyon 500 min manat müqavilə bağlanmasını bilməyib: "Mənə Zahid avtomobilində sənədlər verib, mən də həmin sənədlərə imza etmişəm. Həmin sənədlərdə nə yazılmasından xəbərim olmayıb".

Rəşid Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Şahid əlavə edib ki, həbs olunana kimi onun adına açılan şirkətlərin 2 milyon manat vergi borcu olmasından xəbərsiz olub. Şahid deyib ki, ziyanın ödənilib-ödənilməməsindən də xəbərsizdir. Şahid həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən Məlikməmməd Qurbanovu heç vaxt görməyib, onu tanımır. Növbəti proses iyulun 19-da davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər