Qərbi Azərbaycan folkloru şifahi xalq ədəbiyyatımızın ayrılmaz hissəsidir. İndiki Ermənistan ərazisində min illərdir ki, yaşayan soydaşlarımız milli mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza böyük töhfələr veriblər. Son iki yüz ildə dəfələrlə deportasiya və soyqırımlara məruz qalmış, əcdadlarımızın burada yaratdığı milli-mənəvi dəyərlərdən zorən qoparılmış sakinlərimiz bu gün də öz ənənələrinə sadiqdirlər. Təəssüf ki, Qərbi Azərbaycandakı mədəniyyət nümunələrimiz bu günə qədər ya məhv edilib, ya da erməniləşdirilib. Erməni folklorunun, musiqisinin, incəsənətinin Azərbaycanın milli mədəniyyəti üzərində qurulması hər kəsə məlumdur.
Bir müddət öncə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun məşhur “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) mahnısını erməni ifaçı Gor Yepremyan mənimsəyərək “Sirun jan” adı altında ifa etməsi və “YouTube” platformasına yerləşdirməsi faktı aşkarlandı. Azərbaycanın Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya verdilər.
Xalq artisti Eldar Mansurovun sözlərinə görə, erməni musiqiçiləri XIX- XX əsrdə bizdən çox şey oğurlayıblar. Dolmadan, küftə-bozbaşdan tutmuş “Sarı gəlin”, “Köçəri” kimi xalq mahnılarımıza, rəqslərimizə, bəstəkarlıq əsərlərimizə qəər hər şeyə sahib çıxmaq istəyiblər. Hətta sırf Azərbaycan yallısının bir növü olan “Köçəri” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edildikdən sonra da bu havaya əsassız iddialı olan ermənilər saxtakarlıqlarından əl çəkməyiblər.
Ermənilərin mənimsəmə cəhdlərinə baxmayaraq Qərbi Azərbaycan folklorunun nəinki şifahi, həm də ayrıca yazılı qaynaqları var və onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Qərbi Azərbaycan ərazisində müşahidə olunan epiqrafik abidələr və onlarda əks olunmuş folklor motivləri;
2. Ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər;
3. Hər hansı bir vəsilə ilə yazıya köçürülmüş folklor nümunələrinin yer aldığı yazılı ədəbiyyat nümunələri;
4. Erməni mənbələrində istifadə olunan Azərbaycan folklor obraz, motiv və süjetləri.
Qərbi Azərbaycan ərazisindən indiyə qədər onlarla epiqrafik abidə üzə çıxarılmışdır ki, onlardan bir qismi qədim arami əlifbası ilə türk və yəhudi dillərində, digər bir qismi yunan və latın əlifbaları ilə yunan və latın dillərində, başqa bir qismi isə elm aləmində “Orxon-Yenisey” əlifbası kimi tanınan əlifba ilə türk dilində qələmə alınmışdır. Arami əlifbası ilə yazılmış epiqrafik abidələrdən ən azı 3-nün qədim türk dilində olduğu məlumdur. Bunlardan ikisi Artaksi (Artaşes) adlı məliyin Göyçə gölü yaxınlarından tapılmış iki sərhəd daşı üzərində cızılmış eyniməzmunlu yazısıdır ki, həmin daşlar hazırda Ermitajda saxlanılır. Loru mahalının Cücəkənd kəndindən tapılan üçüncü yazı isə oradakı “Həqiqətin torda gizli saxlanması comərdliyə ziyan vurar” məzmununda olan atalar sözü folklorşünaslıq baxımından daha böyük önəm daşımaqdadır. Daha bir önəmli yazılı qaynaq Mehri (Meğri) rayonu ərazisində, Nüvədi kəndi yaxınlığındakı Qarqadaşı dağında cızılmış runik türk yazısıdır.
Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər də önəm daşımaqdadır. Onlardan biri XI əsrdə yaşamış gürcü tarixçisi Leonti Mrovelinin “Kartli çarlarının həyatı” adlı salnamədə Həzrət Nuhun oğlu Yafəsin övladlarından biri, gürcü mənbələrində adı Torqom (Torqomos), yəhudi və xristian mənbələrində, o cümlədən erməni və alban mənbələrində Toqarma, müsəlman mənbələrində isə Türk kimi çəkilən şəxsdən söhbət açılır və onun nəslinin ata yurdu kimi Böyük Ağrı dağıyla Kiçik Ağrı dağı arasındakı ərazi göstərilir. Bunu Qərbi Azərbaycandan toplanmış əfsanələr də təsdiq edir.
Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində Əbubəkr ət-Tehrani əl-İsfahaninin “Kitabi-Diyarbəkriyyə”si xüsusi yerə sahibdir. Əsərin müəllifi, Uzun Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi olan Qara Yülük Osman bəyin nəsil şəcərəsini araşdıraraq 52-ci babada Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi dövlətin əhatə etdiyi əraziləri sadalayır və nəhayət, onun (Oğuz Xaqanın) Göyçə dənizi ətrafında vəfat etdiyini yazır. Əbubəkr Tehrani Oğuzun nəvəsi Bayandur xan haqqında daha maraqlı məlumat verərək göstərir ki, Bayandur xan “Qarabağ qışlağına və Göyçə dəniz yaylağına” yollanır. Burada böyük qurultay çağırır, çoxlu camaat yığır, əzəmətli məclis qurur, çoxlu qızıl və gümüş, beş yüz naxışlı kəmər və kəmərlərin üstündə qızıl və gümüş qılınclar bəxşiş edir və nəhayət, məmləkətini öz övladları arasında onların qabiliyyətlərinə görə bölüb “bir neçə gündən sonra Allahın dəvətini qəbul edib”.
Bu söylənənlər Qərbi Azərbaycanın “Oğuznamə”lərin formalaşma və yayılma araealına daxil olduğunu, yerli folklor ənənələrinin, xüsusən də oğuzlarla bağlı əfsanə və rəvayətlərin yazılı qaynaqlar üçün etibarlı mənbə olduğunu göstərir.
Vaxtilə İrəvanda olmuş Jan Taverniye, Jan Şarden, Kerr-Porter, Ceyms Morier, Kameron, Lord Linç və başqa Avropa səyyahları da öz qeydlərində Qərbi Azərbaycanın folkloru barədə məlumat vermişlər. Bunlardan İrəvan bəylərbəyini Çuxursəəd bəylərbəyliyi adı ilə təqdim edən Jan Şarden Şərur sultanlığının, Naxçıvan xanlığının onun tərkibində olduğunu göstərir. Həm də İrəvanda heç bir erməni ailəsinin yaşamadığını bildirir.
Qərbi Azərbaycandan didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş soydaşlarımız bu gün öz folklore nümunələrini unutmurlar, yaşadırlar.
Azərbaycanın bütün bölgələrinin folklorunda olduğu kimi, Qərbi Azərbaycan folkloru da toponimik əfsanələrlə zəngindir və onlar özlərində əski yurd yerlərimizin adlarını əbədiləşdirməklə həmin ərazilərin tarixən türklərə məxsusluğunu birmənalı şəkildə təsdiqləyir.
Qərbi Azərbaycan folklorunun etnoregional xüsusiyyətləri araşdırılarkən müəyyən olunur ki, Qərbi Azərbaycanın yerli əhalisinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirmişdir.
İrəvan şəhəri, Vedibasar, Zəngəzur, Dərələyəz, Ağbaba, Şorəyel, Loru, Pəmbək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin kimi bölgələr Qərbi Azərbaycanın tərkib hissəsi olmaqla bərabər, digər mahallarla da sıx əlaqədə olmuşdur. Böyük ticarət yollarının uzərində olan bu bölgəni Osmanlı dövləti ilə, şimali və cənubi Azərbaycanla, Borçalı mahalı ilə ayrılmaz tellər bağlamışdır. Şəmşəddin, Qaraqoyunlu, Dilican və Göyçə mahallarında yaşayan türklərin adət-ənənə, məişət baxımından Gəncəbasarın yerli əhalisi ilə, demək olar ki, eyni olması tarixi faktdır.
Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Onlar həm şeirlər yazıblar, həm də folklor nümunələrindən yararlanıblar.
Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsi olan Qərbi Azərbaycan folklorunun daha geniş şəkildə tədqiq olunmasına ehtiyac var.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.