Bu həftə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması prosesi başa çatır.
Teleqraf.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasını qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri həyata keçirə bilərlər.
Qanunvericiliyə görə, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Parlament seçkiləri ilə əlaqədar Təqvim Planında bu müddət 2024-cü il avqustun 9-dan, avqustun 31-i saat 08:00-a qədər nəzərdə tutulub.
Beləliklə, avqustun 31-i saat 08:00-da seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.