12 Sentyabr 17:44
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Braziliya “sülh təşəbbüsü” dağıdıcıdır, çünki Kremlin əlinə oynayır, üstəlik, bunlar Ukrayna ilə müzakirə olunmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Braziliya və Çinin barışığa çağırışları anlaşılmazdır:

“Nəyin uzlaşması? Oturub danışmaq nə deməkdir? O, (Putin) qatildir. İçəri girdi, insanları öldürdü, əraziləri ələ keçirdi, indi Lula (Braziliya prezidenti) deyir ki, gəlin danışaq. Lula bizi dəstəkləsəydi, müharibənin dayandırılmasına kömək edərdi. Rusiya ilə müharibə vəziyyətindəyik. Siz ya müharibəni dəstəkləyirsiniz, ya da dəstəkləmirsiniz. Əgər dəstəkləmirsinizsə, o zaman Rusiyanı dayandırmağa kömək edin. Kompromis nədir? Torpağımızı qaytarın. Xalqımızı qırırlar, unutmusunuz? Kompromis nədir? Bunlar qəbuledilməz şeylərdir. Ona görə də mən bunun dağıdıcı olduğunu düşünürəm”.

Zelenski vurğulayıb ki, Ukrayna Çinə oturub birlikdə danışmağı təklif edib:

“Biz sizin düşməniniz deyilik, siz də bizim düşməniniz deyilsiniz. Bəs niyə birdən qərar verdiniz ki, Rusiyanın tərəfini tutmalı və ya bir yerdə olmalısınız? Bu nə yanaşmadır? Biz öz torpaqlarımızda döyüşürük. Güclü ölkə olduğunuzu göstərmək istəyirsinizsə, rusları dayandırın. Bizdən soruşmadan necə təklif verə bilərsiniz? Rusiya isə buna qoşulur, Çin-Braziliya təşəbbüsünü dəstəklədiyini bildirir. Bu tamaşa nə üçündür?”.

Prezidentin fikrincə, Braziliya və Çinin nümayiş etdirdiyi yanaşma ədalət və dəyərlər anlayışlarına ziddir, həmçinin bu, Ukrayna və onun ərazi bütövlüyünə hörmətsizlikdir.

Braziliya və Çin may ayında altı bənddən ibarət sülh planı açıqlayıb. Plan iki ölkənin hərbi əməliyyatları dayandırması və danışıqlara başlamasını təklif edir. Bununla belə, Rusiya qüvvələrinin Ukraynadan çıxarılması və ya torpaqların qaytarılmasından bəhs olunmur. Rusiya planı müsbət qarşılasa da, Ukrayna qəbul eləmir.

Rusiya Prezidenti Vladimir Putin ötən günlərdə Braziliya və Çinin, eləcə də Hindistanın mümkün danışıqlarda vasitəçi ola biləcəklərini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu