13 Sentyabr 09:53
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml sahibi Vladimir Putin Böyük Britaniya və ABŞ-a xəbərdarlıq edib ki, Ukraynanın ölkəsindəki hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadəsinə icazə versə, bu, Rusiyaya qarşı müharibə demək olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.

Britaniya Baş naziri Kir Starmer və ABŞ Prezidenti Co Bayden bu gün Ağ Evdə Ukraynanın Rusiyaya “Storm Shadow” raketləri ilə zərbə endirmək icazəsi ilə bağlı danışıqlar aparacaq. Rusiyanın İrandan 200-dən çox ballistik raket alması Qərbdə ciddi eskalasiya kimi qəbul edildiyi üçün liderlərin bu məsələdə razılığa gələcəyi gözlənilir.

Dünən Putin bu addımın münaqişənin mahiyyətini ciddi şəkildə dəyişəcəyini vurğulayaraq, bunun Moskvanı cavab verməyə məcbur edəcəyi barədə xəbərdarlıq edib.

“Bu, NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olardı. Qarşılaşdığımız təhdidlərə əsasən müvafiq qərarlar qəbul edəcəyik”, - Rusiya prezidenti deyib.

Starmer Ukraynanın özünümüdafiə hüququnu xatırladaraq Putinin ittihamlarını rədd edib.

Starmer və Baydenin Rusiyanın Ukraynada işğalına necə son qoyulacağını müzakirə edəcəkləri gözlənilir.

ABŞ “Storm Shadow” və onun Fransa ekvivalenti “Scalp”lara yaşıl işıq yandırsa da, Putinin mümkün reaksiyası ilə bağlı narahatlıqlar fonunda bu, Amerikanın ATACMS ballistik raketlərinə şamil olunmaya bilər.

Qərb rəsmilərindən birinin sözlərinə görə, Vaşinqtondakı müzakirələr əsasən ilin sonuna qədər Ukraynanın mövqelərinin gücləndirilməsi üçün nələrin ediləcəyi ilə bağlı olacaq. Xüsusilə, britaniyalılar ümid edir ki, zərbə icazəsi Zelenskiyə Putini danışıqlar masasına gətirməkdə üstünlüklər verəcək. Nəşr yazır ki, bu və Ukraynanın ərazilərinin bir hissəsi müqabilində sülhə razılıq verməsi ehtimalı Ağ Evdə müzakirə mövzuları arasında olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər