13 Sentyabr 12:50
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son Qarabağ müharibəsində yaşadıqları ağır məğlubiyyətə baxmayaraq, hələ də Ermənistanda sülh istəmirlər. Ən qəribəsi də budur ki, müharibə Ermənistana ərazi itkisinə başa gəlməyib, sadəcə torpaqlarımıza soxulmuş işğalçı qüvvələri məhv edilib. Amma ermənilər Azərbaycanın öz ərazilərini azad etməsini bir “itki” kimi görürlər.

Teleqraf.com xəbər verir ki, erməni cəmiyyətini revanşizmə sürükləyən qüvvələrin başında sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan dayanır.

Sülh gündəliyi irəlilədikcə, Ermənistanın radikal kəsimində revanşizm meylləri də güclənir. Sentyabrın 23-də Nikol Paşinyan hökumətinə qarşı başlayacaq itaətsizlik aksiyalarından əvvəl revanşistlərin media qurumlarında “Sülh danışıqlarını dayandır” adlı bir tezis ortaya atılıb.

Bədnam tezisi dəstəkləyənlərdən biri də politoloq Vahe Ovannisyandır. Onun adını sadəcə bu fikirdə olan erməniləri göstərmək üçün adi bir misal kimi çəkirik.

Baş nazir Nikol Paşinyanın qatı əleyhdarı olan Ovannisyan İrəvanı Azərbaycanla sülh prosesini dayandırmağa çağırır.

Sitat: “Ermənistan üçün əsl sülh gündəmi nədir? İlk addım olaraq, bu ssenarini pozmaq”.

Ovannisyan on minlərlə “vicdanlı erməni”ni bu prosesi pozmağa çağırıb.

Türkşünas Varujan Qeqamyan da sülhə qarşı olan kəsimin sırasındadır:

“Cəmiyyətimizi özünəməxsus şəkildə bürüyən sülh tezliklə növbəti dəfə “sürpriz”ə çevrilə bilər. Təkrar etməkdən yorulmayacam, bunu dayandırmaq üçün yeganə rıçaq bizim, cəmiyyətin əlindədir”.

“Ermənistan” fraksiyasının deputatı Tiqran Abramyana görə, sülh müqaviləsi Ermənistanın Azərbaycana “növbəti güzəşt”i olacaq.

Bunlar Ermənistanda hökm sürən ab-havaya dair sadəcə bir-iki nümunədir, belə faktlar kifayət qədərdir.

Söylədiyimiz kimi, bu revanşist kampaniyanın başında hərbi cinayətkarlar Köçəryan və Sərkisyanın rəhbərlik etdiyi revanşist “Ermənistan və “Şərəfim Var” parlament fraksiyaları dayanır. Təsadüfi deyil ki, revanşist “Vətən naminə Tavuş” Hərəkatının keşiş lideri Baqrat Qalstanyanın ayın 23-də başlayacağı itaətsizlik aksiyası revanşistləri yenə ümidləndirib. Prosesdən əvvəl Köçəryan və Sərkisyanla görüşən Baqrat onlardan dəstək də alıb. Baqrat məqsədlərinin Paşinyanı devirmək, Azərbaycanla delimitasiya və sülh proseslərini dayandırmaq olduğunu açıqca bəyan edib. Bəs bu cinayətkarlar Ermənistan üçün zərərli olan kampaniyanın sonunda İrəvanı sülh prosesini pozmağa məcbur edə biləcəklərmi? Bu, Paşinyan və komandasından asılıdır.

Sülh istəmirlərsə, alternativ müharibədir. Bəs Ermənistan buna hazırdırmı? Yaxın tarixdə baş verənlər, bizcə, seçimlərinin sülhdən yana olması üçün yaxşı bir örnək olmalıdır. Görünən budur ki, sülhü "güzəşt", başqa ölkənin ərazisini "özününkü" kimi görənlərlə sülh çətin olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər