“Bəzi universitetlər qeydiyyat üçün kəndirli qovluq, notarial təsdiqlər, Dövlət İmtahan Mərkəzindən arayış, yaşayış yerindən arayış, qonşudan arayış və s. tələb olunur. Bu dərəcədə olacağını gözləmirdim”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi , Elm və Təhsil Nazirliyi (ETN) bir neçə ay öncədən elan ediblər ki, universitetlərə qəbul olanlardan kağız sənədlər toplanmayacaq, paralel qeydiyyatlar olmayacaq, qeydiyyat yalnız portal.edu.az üzərindən olacaq.
“Elm və Təhsil Nazirliyi elan edib ki, portalda qeydiyyat üçün tələbələrdən heç bir sənəd tələb olunmur.
Yəni, tələbə sistemə daxil olanda özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, Hərbi Çağırışla bağlı məlumatlar, Güzəşt hüququ verən sənədlər və s.) sistemdə görür və onları sadəcə təsdiqləyir. Bir daha təkrar edirik ki, tələbə heç bir sənədi sistemə yükləmir! Elm və Təhsil Nazirliyi universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni Universitetə tələbənin attestatı lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olub onu görə bilir, bu məlumatların hamısını özünə çəkə bilir və s. Bundan artıq nə olmalıydı. Yəni əsil rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub.
Qurumlar gecə-gündüz çalışıb rəqəmsal bir platforma qurublar və bir də usanmadan deyirəm ki qeydiyyat üçün heç bir sənəd istəmirlər. Yeri gəlmişkən, ETN və İRİA -ya, inteqrasiya olunan bütün qurumlara bu cür effektiv və mükəmməl sistem üçün "halal olsun” demək doğru olardı. İndi görək real vəziyyət necədir? Ötən gündən başlayaraq biz bu əprosesi monitorinq edirik”.
Osman Gündüz deyir ki, monitorinqin bəzi nəticələri çox düşündürücüdür və çox təəssüf doğurur:
“Universitetlərin elanlarından görünür ki, yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparanlar, kağız sənədlər tələb edənlər var:
1. BDU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir.
2. AzTU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir.
3. BMU - özü üçün kağız formada əlavə sənədlər tələb edir.
4. GDU- özü üçün "Kəndirli qovluq" və digər çoxsalı sənədlər istəyir, Köhnə Yevlax avtovağzalının yanında
5. ATU- əlavə çoxsaylı kağız sənədlər tələb olunur.
6. ADPU - əlavə kağız sənədlər tələb olunur.
Ümid edirəm ETN və İRİA da bunlardan xəbərdardır. Güman ki, hökumət fərqindədir ki, dövlətin ayırdığı bu qədər resurslar "Kəndirli qovluq" dövrünə qayıtmaq üçün nəzərdə tutulmayıb. Anlamıram ki, bu tip absurd və qanuna zidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər . İnanıram ki, ETN, Agentlik tez bir zamanda universitetlərə xəbərdarlıq edəcək. Bu tip elanlar hər yerdən yığışdırılacaq”.