Son günlər əhali arasında yüksək qızdırma ilə müşayiət olunan virusa yoluxma halları artıb. Xəstəlik boğaz ağrısı ilə başlayır, sonra öskürək, baş, əzələ ağrısı, hərarətin yüksəlməsi, halsızlıq, iştahasızlıq əlamətləri ilə davam edir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf.com-a verilən məlumata görə, payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya başlanılıb:
“Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
10 sentyabr 2024-cü il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə uyğunluq təşkil edir”.
Məlumatda qeyd olunub ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər:
"Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur. əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir”.