16 Aprel 2014 16:36
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məzahir Rüstəmov: “Tıxacı aradan qaldırmaq üçün başqa üsul tapmaq olar”

Rayonlardan Bakıya gələn avtomobillərin hərəkətinə qadağa qoyulacaq. Artıq bu məqsədlə xüsusi layihə hazırlanır. Səbəb isə paytaxtda yaranan tıxaclardır. Paytaxtda maşınların sıxlığı nəzərə alınaraq rayonlardan Bakıya gələn maşınlar üçün dayanacaqların tikilməsi planlaşdırılır. Həmin planın tıxacların qarşısını alacağı düşünülsə də, bu, rayon əhlinin heç də ürəyincə deyil.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal-şərq və cənub girişində tikiləcək: “Sürücü avtomobilini dayanacağa təhvil verəcək, ona lazım olan ünvana ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da Bakıda tıxacların azalmasına gətirib çıxaracaq”.

Rayondan gələnlər üçün xüsusi dayanacaq

Yeni layihəyə əsasən, rayondan Bakıya gələn şəxs avtomobilini yeni tikiləcək dayanacaqda saxlayaraq müəyyən məbləğdə vəsait ödəyib xüsusi qəbz alacaq. Ona lazım olan gün gəlib avtomobilini götürərək öz rayonuna yollanacaq.

Ekspertlər isə deyir ki, bu yenilik bölgələrdən gələn sürücülərin narazılığına səbəb olacaq. Çünki bu halda paytaxta maşınında gəlmiş rayon sakini yer pulu ödəməklə yanaşı, şəhərə girmək üçün taksi və ya ictimai nəqliyyata pul sərf edəcək.

“Bu, yaxşı təklif deyil”

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov yeni layihəni məqsədəuyğun hesab etmir: “Bu, çox anormal təklifdir, belə təklif ola bilməz. Necə yəni, rayonlardan gələn avtomobil Bakıya daxil olmasın? Sürücü gətirdiyi xəstəni, sərnişini çiynində daşıyacaq? Belə bir qərarın qəbul edilməsi doğru deyil. Bu informasiyanın ictimaiyyətə ötürülməsi media və vətəndaşların fikrini öyrənmək məqsədi daşıya bilər, çünki belə qərar qəbul edilə bilməz”.

“Alternativ yollar tapılsın”

Ekspertin sözlərinə görə, paytaxtda yaranan tıxacı aradan qaldırmaq üçün alternativ yollar axtarmaq lazımdır: “Ümumiyyətlə, nəqliyyatı tənzimləmək və tıxacı aradan qaldırmaq üçün başqa yol tapmaq olar, bu üsulu heç müzakirəyə belə çıxarmaq lazım deyil. Azərbaycanın hər bir vətəndaşının paytaxta girişini və sərbəst hərəkətini təmin etmək lazımdır. Bu barədə digər təkliflər səsləndirilə bilər. Yolların genişləndirilməsi, dayanacaq tikilməsinin daha çox vüsət alması, dayanacaqlar arasındakı məsafənin qısaldılması probleminin aradan qaldırılması kimi təkliflər. Məsələn, şəhərin bir bu başında dayanacaq var, bir də o biri başında, onun sayını artırmaq olar. Yeraltı və yerüstü dayanacaqlar məsələsini qabartmaq lazımdır. Gərək, Nəqliyyat Nazirliyinin əməkdaşları hərəkətin sivil qaydada tənzimlənməsinin öhdəsindən gələ bilsinlər”.

Sevinc FƏDAİ


Müəllif:

Oxşar xəbərlər