Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələ regional “ASAN xidmət” mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimdə FHN-in Şimal-qərb Regional Mərkəzi, Şimal-qərb Dövlət Yanğın Nəzarəti İdarəsi, Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin və Qəbələ regional “ASAN xidmət” mərkəzinin əməkdaşları iştirak edib.
Təlimin keçirilməsində məqsəd “ASAN xidmət” mərkəzinin kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, habelə yanğın-xilasetmə bölmələrinin hadisələrə çevik reaksiyavermə imkanlarının daha da gücləndirilməsi olub.
Təlim zamanı şərti yanğın baş vermiş mərkəzdə köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.