16 Aprel 2014 17:03
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbinə Babazadə: “Fiziki passivlik dünyada baş verən ölüm hadisələrinin ən əhəmiyyətli risk faktorlarından biridir”

Dünən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlam gələcək naminə fiziki aktiv ol!” layihəsinin yekunlarına dair dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən İSİM təmsilçisi Səbinə Babazadə bildirdi ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və Səhiyyə Nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq keçirilən layihənin məqsədi əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir: “Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə insanlar daha çox oturaq həyat tərzi keçirir, nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına mənfi təsir edir. Əksər xəstəliklərin müalicəsində aktiv həyat tərzinin müsbət rolu var”.

Səbinə Babazadə layihə çərçivəsində paytaxtın rayonlarında festivallar keçirdiklərini, məktəbliləri, gəncləri prosesə cəlb etdiklərini dedi. O, effekt və maraq doğurduğu üçün bütün rayonlarda tədbir təşkil edəcəklərini bildirdi: “Fiziki aktivlik o demək deyil ki, yalnız idman zallarına getməklə aktiv olmaq mümkündür. Evdə, məişətdə, işdə də müəyyən hərəkət tələb edən işləri texnikanın deyil, özümüz görəriksə, bu da fiziki aktivlik olar.

Məsələn, yuxarı mərtəbəyə liftlə deyil, pilləkənlə qalxmaq, oturaq iş görən zaman bir saatdan bir dayaq-əzələ sistemimizi hərəkət etdirməklə fiziki aktivliyimizi təmin etmiş olarıq. Fiziki passivlik dünyada baş verən ölüm hadisələrinin ən əhəmiyyətli risk faktorlarından biri hesab edilir. Mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya, osteoporoz kimi xroniki xəstəliklərin profilaktikasında rola malikdir. Hər gün ən azı 60 dəqiqə ərzində fiziki aktiv olmaqla siz həyatınızda daha böyük nailiyyətlər əldə edə bilərsiniz, sadəcə 60 dəqiqə. Fiziki aktiv olmaq həm də endokriniloqların, kardioloqların işini yüngüllşədirmək deməkdir".

“Gəncliyin İnkişafı” İctimai Birliyinin sədri Nəzrin Babazadə də layihənin uğurlu olduğunu və orta məktəblərdə, ofislərdə, elə səhiyyə müəssisələrinin özündə də maraqla qarşılandığını dedi.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərmin Bağırova fiziki aktivliyin gənclərin həyatında önəmli amilə çevrilməli olduğunu qeyd etdi.

Dəyirmi masa çərçivəsində qeyri-yoluxucu xəstəliklərin profilaktikası zamanı fiziki aktivliyin vacibliyi haqqında danışan layihənin ekspertləri endokrinoloq Yeganə Sultanova və kardioloq Samir Əsgərov məsləhət və təkliflərini söylədilər.

Ekspertlərə görə, fiziki aktivlik enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır: “Mütəmadi hərəkətlər qeyri-infeksion xəstəliklərin yaranma riskini azaldır, əzələ, oynaqlar və sümükləri möhkəmləndirir. Adətən, biz vaxt azlığından və yorğunluqdan şikayət edirik. Bədən tərbiyəsinə sərf edə biləcəyimiz vaxtı televizora baxmağa, video oyunlara, sosial şəbəkələrdə ünsiyyətə, ticarət mərkəzlərində alış-verişə sərf etməklə itiririk. Amma bunu fiziki idmana sərf etməklə, orqanizmimizi bir çox xəstəliklərdən müdafiə etmiş olarıq”.

Mütəxəssislər fiziki aktivlik nümunələri üçün sürətlə piyada gəzməyi, su aerobikası ilə məşğul olmağı, velosiped sürməyi, tennis oynamağı, bağ işləri ilə məşğul olmağı, ağı bel çantası ilə dağa qalxmaq kimi üsullardan yararlanmağı təklif edirlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər