Hər il 11 noyabr tarixində ənənəvi olaraq keçirilən qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası Azərbaycanda növbəti dəfə təşkil olunub və ölkə ərazisində gün ərzində, ümumilikdə 111 min 111 ağac əkilib.
Teleqraf.com xəbər verir ki, "Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Türkiyə, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.
Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.
"Türk dövlətləri milli ağaclandırma günü“ Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə də kütləvi ağacəkmə aksiyaları ilə qeyd olunur.