Iğdırlı şair, siyasətçi, pedaqoq Süleyman Böyükdağ 1945-ci ildə Qarsın Iğdır qəzasında çiftçi bir ailənin 8-ci övladı olaraq doğulub. İbtidai sinfi Iğdırın Hakveyis kəndində, orta məktəbi Iğdırda, liseyi Qarsda bitirib.
1969-cu ildə Ərzurumda yerləşən Atatürk Universitetinin fransız filologiyası fakültəsində ali təhsilini tamamlayıb. Türkiyədə orta məktəblərdə fransız dili müəllimi olaraq çalışıb. 1978-ci ildə Fransanın Besonçon Universitetində elmi dərəcə qazanıb.
Tətbiqi dilçilik üzrə mütəxəssis olmiş Süleyman bəy fransız dili ilə yanaşı alman və ingilis dillərini də bilib. Iğdır və Antalyada Təhsil Nazirliyinin şöbə müdiri olaraq çalışıb. Ədəbi tərcümələri ilə yanaşı milli ruhlu şeirlər qələmə alıb, Azərbaycan Kültür Dərnəyinin “Azərbaycan” jurnalı ilə əməkdaşlıq edib.
“Mən Azərbaycanı röyalarımda görmüşəm”
Süleyman Böyükdağ 1991-ci ilin aprelində Bakıda olub. Paytaxtımızda keçirilən “Azərbaycan mühacirət ədəbiyyatı” simpoziumuna qatılan Süleyman bəy dövrün ən məşhur dərgisi olan “Gənclik” jurnalına müsahibə də verib. Həmin müsahibəsində “Azərbaycan sizin üçün nədir?” sualını belə cavablandırıb: “Azərbaycan sevgisi iliklərimizə qədər işləmişdir. Uşaq vaxtlarımdan bəri Azərbaycan xalq mahnılarını, muğamlarını radio dalğalarından ruhuma hopdura-hopdura böyümüşəm. Əslimiz Azərbaycandandır. Qohum-əqrəbalarımızın çoxu Güney Azərbaycanının Maku vilayətində yaşayır. 1937-ci ildə anam və babam məcburiyyət üzündən Türkiyəyə mühacirət etmişlər. Anamın, babamın dilindən mühacirətin nə böyük bəla olduğunu dönə-dönə eşitmişəm. Onlardan vətən, yurd sevgisini, torpağa bağlılığı, dilə məhəbbəti, adət-ənənəyə hörməti özümdə hifz eləyib saxlamağa çalışmışam. Mən Azərbaycanı röyalarımda görmüşəm. Bu qorxulu bir röya deyil. Aydınlıq, parlaq gələcək, cənnət vəd edən bir röyadır. Bunun çin olacağına inanırdım, ancaq nə zaman olacağına, ömrümdə görüb-görməyəcəyimə qəti qərar verə bilmirdim. Allaha şükürlər olsun!”.
Süleyman bəy müsahibəsində mühacirət ədəbiyyatı haqqındakı fikirlərini də bölüşüb: “Bizim qürbət ədəbiyyatımız dünya ədəbiyyatı tarixində heç bir bənzəri olmayan ədəbiyyatdır. Bu ədəbiyyatı qəriblər, vətəndən tərk edilmiş, zorla sürülmüş, Vətənin, xalqın xiffətini ürəyində yaşadan insanlar yaratmışlar. Məlumdur ki, mühacirət fransız ədəbiyyatında romantizm cərəyanının yaranmasında mühüm rol oynamışdır. Xüsusən fransız işçilərinin ipək ölkəsi olan Hind-Çinə iş dalınca könüllü mühacirəti buna əsaslı sübutdur. Qeyd elədik ki, fransız işçiləri könüllü mühacirət etmişlər. Bəs zorla sürülmək, məcburiyyət üzündən doğma el-obasını, isti yuvasını tərk etmək necə?! Məhz Azərbaycandan mühacirət edənlərin taleyinə çox təəssüf ki, sadaladığımız ağır, məşəqqətli qürbət iztirablarına düçar olmaq nəsib olmuşdur. Mətləbdən uzaqlaşmayaq. Hansı mühacirət ədəbiyyatının daha təsirli, bəşəri hisslərlə zəngin olması məhz bu nöqtədə aydınlaşır. Qürbət ədəbiyyatı yalnız və yalnız bizim türk dünyasına məxsusdur, desək səhv etməmiş olarıq. Bu ədəbiyyatı sistemli və məqsədyönlü şəkildə tədqiq və təbliğ etmək, ən əsası öyrənmək bu günün vacib məsələsi kimi ortaya çıxır”.
Süleyman bəy həmin simpoziumda mühacir şair Müseyib Zəyəm haqqında çıxış edib. Bu mövzu haqqında müsahibəsində bunları bildirib:
“Müseyib Zəyəmi tanıtmağa çalışdım”
“Mənim simpoziumda çıxışıma gəldikdə onu deməliyəm ki, 1921-ci ildə Şəmsəddin elinin Şəmkir qəzasından qürbətə gedən Müseyib Zəyəmi ədəbiyyat dünyasında tanıtmağa çalışdım. İlk dəfə olaraq Müseyib Zəyəmin həyat və yaradıcılığı haqqında ətraflı məlumatı Azərbaycan ədəbi ictimaiyyətinin diqqətinə çatdırdım. Araşdırmamda bir məqam qaldı ki, Zəyəmin 20 yaşına qədərki şeirlərinin Azərbaycan aşıqları tərəfindən ifa olunması, dildə-dodaqda dolaşması iddia edilir. Ancaq bunun nə dərəcədə doğru olub-olmadığını aydınlaşdıra bilmədim. Zəyəmin erkən yaşlarında yazdığı şeirlərin kamilliyinə, bitkinliyinə diqqəti yönəltsək, bu iddia doğru sayıla bilər. Amma yenə də araşdırmağa ehtiyac duyulur. El içində şairin soyadına Sultanzadələr deyərlərmiş. Bu nəsildən çox gözəl təbi olan şairlərin çıxdığı söylənilir. Nə yazıq ki, ustad şairin çox sevdiyi Şəmsəddin eli Ermənistan tərəfindən dəyişdirilib Berd adlandırılmışdır. Şəmsəddin elinin yetişdirdiyi, ilhamına qanad verdiyi Müseyib Zəyəmin ahıllıq dövrü Iğdırda keçmiş, 1957-ci il fevral ayının 23-də vəfat etmişdir. Məzarı Iğdırdadır. Nəslindən, soyadından hal-hazırda yaşayanları var”.
S. Böyükdağ müsahibəsində daha sonra Azərbaycanda görüşdüyü ziyalılardan, Azərbaycan Kültür Dərnəyinin fəaliyyətindən, Azərbaycan və Türkiyə arasındakı münasibətlərdən bəhs edib.
Qeyd edək ki, Süleyman bəyin “Azərbaycan” jurnalında bir neçə şeiri dərc olunub: “Can Azərbaycan” (say 202, 1970), “A dostlar” (say 215, 1975), “Məndədir” (say 216, 1975), “Bozqurd” (say 217, 1976), “Türk Azərbaycan gəncliyinə” (say 218, 1976), “Can borcum oldu” (say 219, 1976), “Ucalın, balalar” (say 224, 1977), “Koroğludan gözəlləmə”(say 233, 1980), “Şəhriyarın ruhuna təzim” (say 268, 1989).
Onun “Azərbaycan” dərgisində iki məqaləsi də işıq üzü görüb: “Türkün diriliş günü: Ergenekon” (say 217, 1976), “Məhəmmədəmin Rəsulzadənin şəxsiyyəti” (say 229, 1979).
Tədqiqatçı Sərdar Ünsal “Azərbaycan” jurnalının 253-cü sayında onun haqqında “Azərbaycan ruhunu şeirlərdə yaşadan şair: Süleyman Böyükdağ” adlı məqalə qələmə alıb.
S. Böyükdağ M. Rəsulzadə ilə bağlı yazdığı məqaləsində onu Azərbaycan mübarizəsini uğurla başa çatdıran şəxsiyyət olaraq dəyərləndirib. Onun fikrincə, bir mübarizənin böyüklüyü onun liderinin böyüklüyü və ləyaqəti ilə bağlıdır. Böyükdağa görə, Rəsulzadə azərbaycançılıq, qafqazçılıq və türkçülük ideyalarını bir bütündə birləşdirən fəaliyyətlə məşğul olub. Yazısında Məhəmmədəmin bəyin ömür yolunun Azərbaycan, Türkiyə, Polşa mərhələlərini xülasə şəklində təqdim edib.
Hazırda Iğdırda yaşayan Süleyman bəyin Məhəmmədhüseyn Şəhriyara ithaf etdiyi uzun şeirindən bir bəndi təqdim edirik:
Kür-Araz tək çağlayıb iki yanına axdın
Əlini sipər edib durduğun yerdən baxdın
İstədin ki, o taydan birimiz “qardaş” desin
Və birimiz bu taydan “can” deyə cavab versin
Birləşsin iki könül, tək bir ürək, tək yumruq
Öz yurdun olsun sənin öz başına buyruq.