3 Mart 2015 14:17
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulu Məhərrəmli: “Küçə reklamlarında bir çox amillər, o cümlədən dil aspekti nəzərə alınmalıdır”

Martın 1-dən Bakıda küçə reklamları və elanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə razılaşdırıldıqdan sonra yerləşdiriləcək. Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ilə bu barədə söhbət etdik.

“Hələ ki, rəsmi reklam və elanların yazılışına nəzarət edəcəyik”

Qulu Məhərrəmlinin sözlərinə görə, reklam mətnlərində dil normalarının gözlənilməsi ilə bağlı Dilçilik İnstitutu ilə Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi arasında razılaşma müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, Reklam və İnformasiya İdarəsi bundan sonra açılması və yayılmasına icazə verəcəyi küçə reklamlarının, elanlarının mətnlərini öncə Dilçilik İnstitutuna göndərəcək: “İnstitutumuzun mütəxəssisləri həmin mətnin dil normalarına uyğun gəlib-gəlmədiyini yoxlayacaq. Əgər dil qüsurları varsa, aradan qaldırılacaq və reklamlar istehsala veriləcək. Hələlik biz bu qaydanı yalnız Bakı şəhərində tətbiq edəcəyik. Digər yerlərdə bu məsələyə ehtiyatla və çəkingən yanaşırlar. Həm də reklamla bağlı ən böyük problem elə Bakı şəhərinin küçə və meydanlarındadır. Qeyd edim ki, biz küçələrdə elektron lövhələrdə, yaxud başqa rəsmi elanlarda bildiriş və reklamların dilinə nəzarət edəcəyik”.

Azərbaycanda fəaliyyət göstərən bir çox dövlətlərin səfirlikləri qarşısında həmin səfirliklərin adları ya Azərbaycan dilində yazılmayıb, yaxud dövlət dilimizdə səfirliyin adı kiçik şriftlərlə qeyd olunub.

Halbuki “Dövlət dili haqqında” qanunda yazılıb ki, Azərbaycan Respublikası ərazisində bütün sahələrdə reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili işlənməlidir.

Qanunda əks olunub ki, zəruri hallarda dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

“Rəsmi bildiriş, reklam və elanlara səfirliklərin də adı daxildirmi?” sorğumuza Qulu Məhərrəmli cavab verdi ki, Bakı şəhər İH-lə razılaşma hələlik rəsmi reklamların dilinə aid olsa da, konkret olaraq səfirliklərlə bağlı məsələ qoyulmayıb: “Amma özünə hörmət edən və Azərbaycanda fəaliyyət göstərən səfirlik fəaliyyət göstərdiyi binanın üzərinə öz dövlətinin dilində lövhə vurursa, orada Azərbaycan dilində də lövhə yerləşdirməlidir”.

Bir çox yerlərdə Azərbaycan dilindən istifadə edilmir

Ötən ilin oktyabrından başlayaraq Bakı şəhərində küçə reklamlarından tutmuş bütün idarə və müəssisələrin qabağında vurulan məlumat lövhələrinə qədər hər yerdə monitorinq aparıldığını deyən Qulu Məhərrəmli Səbayel rayonunda monitorinqin başa çatdığını, Nərimanovda nəticələrin yekunlaşmaq üzrə olduğunu dedi: “Ticarət, restoran xidməti və sair bu kimi sahələrdə də xaotik sistem mövcuddur, hər kəs öz loqosunu reklam kimi yerləşdirir və orada ünvan bilgisi, yaxud qurumun hansı xidmət göstərməsi barədə məlumat verilmir. Böyük bir binanın üzərində ingiliscə bir firma adı yazılır və göstərilmir ki, bu firma oteldirmi, ticarət obyektidirmi? Hətta ingilis dilini bilən adam da həmin lövhədən yalnız ingiliscə bu firmanın adını oxuya bilir, başqa informasiya almır.

İlkin qənaətimizə görə, bir çox yerlərdə ümumiyyətlə, Azərbaycan dilindən istifadə edilmir. Monitorinqdən sonra qərara gəldik ki, üzləşdiyimiz nöqsanları aradan qaldırmaq səlahiyyəti Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsindədir, ona görə də onlara əməkdaşlıqla bağlı müraciət etdik. Küçə reklam və elanları ciddi məsələdir. Bunun dizaynı, ölçüsü, ətraf mühitə uyğunluğu, dil aspekti və sair məsələlər nəzərə alınmalıdır".

“Ödəniş aparılsa, bu sahədə işlər intensivləşər”

Qulu Məhərrəmlinin sözlərinə görə, Dilçilik İnstitutunda qaynar xətt də fəaliyyət göstərəcək: “Dil nöqsanlarını aradan qaldırmaqda ictimaiyyət də bizə kömək etməlidir. Dil qüsuru ilə rastlaşan vətəndaşımız qaynar xətt vasitəsilə bizə məlumat versə, biz də aidiyyəti qurumları məlumatlandıracağıq ki, nöqsan aradan qaldırılsın”.

Şöbə müdiri onu da qeyd etdi ki, Dilçilik İnstitutu indiyədək bir çox xidmətləri pulsuz göstərib, amma bu sahədəki xidmət müqabilində institut əməkdaşlarına müəyyən ödəniş aparılması işin keyfiyyətinə müsbət təsir göstərər: “Dilçilik İnstitutu akademiyanın kasıb institutlarından biridir. Əlbəttə, ödəniş aparılsa, bu sahədə görülən işlər intensivləşər. Amma təəssüf ki, hər kəs istəyir iş görülsün, ancaq ödəniş aparmasın. Ona görə çalışırıq ki, ilkin mərhələdə biz bu əməkdaşlığın əhəmiyyətini anladaq”.

Dilçilik İnstitutunun keçmiş direktoru Fəxrəddin Veysəlov vaxtilə bildirmişdi ki, “Mədəniyyət haqqında” qanun Milli Məclisdən redaktə üçün Dilçilik İnstitutuna verilib. Dilçi alimin fikrincə, dövlət səviyyəsində hazırlanan rəsmi sənədlərin, bəzi hallarda qanun və qaydaların dili mürəkkəb və anlaşılmaz olur. Ona görə də bu sənədlərin dili ciddi şəkildə redaktə edilməlidir.

Qanunlar hazırlanarkən dilin redaktəsi hansı prosedurdan keçməlidir?

Qulu Məhərrəmli qeyd etdi ki, dövlət qanunları Milli Məclisdə xüsusi prosedurlardan keçir, onlardan biri də redaktə prosesidir: “Bu mexanizmin yaxşı işləməsi çox vacibdir. Mən ”Kütləvi informasiya vasitələri haqqında", “Televiziya və radio yayımı haqqında” qanunların hazırlanmasında iştirak etmişəm və bilirəm ki, dövlət dilimizlə bağlı səhvlər harda baş verə bilər... Ona görə də qanunların hazırlanması, yaxud dəyişilməsi ilə bağlı görülən işlərlə əlaqədar işçi qrupu formalaşdırılarkən mütləq həm həmin sahəni, həm də dili yaxşı bilən mütəxəssislər cəlb olunmalıdır ki, orada anlayışları, mahiyyəti Azərbaycan dilində dəqiq ifadə etsinlər".

“İqtisadi terminlərlə bağlı lüğətə baxıb dəhşətə gəldim”

Mütəxəssis hesab edir ki, ölkəmizdə lüğətçiliyin inkişafına ehtiyac var. Onun fikrincə, elektron lüğətçiliyin, sahələrə aid termionoloji lüğətlərin hazırlanmasına dair xeyli işlər görülməlidir: “Bəzən lüğətlərin özünün dili anlaşılan olmur. İndi sanballı dildə yazılan hansı hüququ terminlər lüğəti var? Bu günlərdə nəşriyyatlardan birində maliyyə, bank, iqtisadiyyat terminləri ilə bağlı lüğətlərlə tanış oldum, dəhşətə gəldim ki, görəsən, bu, hansı dildə yazılıb? Bir çox məsələlər yalnız və yalnız dövlət səviyyəsində həll olunmalıdır. Kimlərsə öz təşəbbüsü ilə bir xidmət göstərirsə, mütləq hər sahənin öz mütəxəssisinin nəzarətindən keçməlidir ki, sanballı və faydalı iş hasil olsun”.

Qulu Məhərrəmli onu da qeyd etdi ki, informasiya texnologiyaları və mobil telefonların dili ilə bağlı Dilçilik İnstitutu ilə İnformasiya Kommunikasiya Texnologiyaları İnstitutu birgə seminar keçirib. Seminarda kompüter dilçiliyinin inkişafı ilə ciddi müzakirələr aparılıb: “Bu seminar mənə çox xoş gəldi. İnformasiya kommunikasiya texnologiyaları ilə bağlı dilimizə yeni gələn sözlərin qarşılığını necə təqdim etməliyik ki, anlaşılan olsun? Elə məsələlər var ki, onlara sinergetik yanaşılmalıdır, yəni bir çox sahənin mütəxəssisləri o yöndə birgə işləməlidir, o cümlədən də terminologiya ilə bağlı məsələlər. Yaxşı haldır ki, İnformasiya Kommunikasiya Texnologiyaları İnstitutu da bu işin inkişafına maraqlıdır”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər