12 Mart 2015 11:49
3 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

AAAF Park sakinlərə hər cür şərait yaradır

Paytaxtdan cəmi 3 kilometr kənarda yerləşən, Abşeron rayonunun paytaxtı Xırdalanda əhalinin məskunlaşması ildən-ilə artır. Görkəmi getdikcə dəyişib gözəlləşən şəhərdə insanların maraq göstərdiyi bir yaşayış massivi də var - AAAF Park Yaşayış Kompleksi. Xırdalan şəhərinə axının yaranmasında 2012-ci ildən fəaliyyətə başlayan AAAF Park Yaşayış Kompleksinin də böyük xidməti olduğunu yerli sakinlər danmır.

Bu yaşayış kompleksi uzunmüddətli ipoteka şərtləri ilə yeni evlənənlərin, kasıb ailələrin mənzil təminatına əlverişli imkanlar yaradır. AAAF Park Yaşayış Kompleksi yeni kampaniyaya start verib və bu kampaniya böyük maraqla qarşılanıb.

Dünən yaşayış kompleksinə baş çəkdik.


İlkin ödənişi 2760, aylıq ödənişi 263 manatdan başlayan mənzillər

İlkin ödənişi 2760 manat, aylıq ödənişi 263 manatdan başlayan qiymətlərlə ilyarım-iki il müddətə içərisində yaşayış üçün hər bir şəraiti olan tam təmirli, mebelli mənzilə sahib olmaq mümkündür. Bu elandan sonra yaşayış kompleksinin satış mərkəzində xeyli müştəri növbəsi yaranıb.

AAAF Park Yaşayış Kompleksi mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev kompleksin fəaliyyəti barədə bizə ətraflı məlumat verdi.

Vaxtilə Xırdalanda Quşçuluq Kombinatı olan ərazidə yerləşən AAAF Park hazırda 40 hektara yaxın sahəni əhatə edir. Kompleksdə əsasən Eldar şamlarından salınmış xiyaban, gözoxşayan yaşıllıq, zövqlə hazırlanan mənzərəli yerlər, uşaqlar üçün "Limulənd" əyləncə mərkəzi, buz meydançası, "Sinema-klub", kafe, restoran, qadın-kişi bərbərxanası, ailəvi istirahət mərkəzi, "Makromarket", məktəb, uşaq bağçası, tibbi klinika və burada yaşayan sakinlər üçün əlçatan olan başqa hər cür şərait yaradılıb.


"Sakin-kart"ı olanların uşaqları üçün karusel 25 qəpikdir

Kənan Məstəliyevin sözlərinə görə, AAAF Parkda ev sahibi olanlara yerindəcə "Sakin-kart" verilir ki, onlar bu kartla ərazidəki xidmətlərdən güzəştlə istifadə etmək imkanı qazanır və şəhərcikdə qiymətlər şəhərdəki başqa yerlərdən əlverişli dərəcədə fərqlənir: "Məsələn, "Limulənd" əyləncə mərkəzində karusellərin qiyməti uşaqlar üçün 50, "Sakin-kart"ı olanlara isə 25 qəpikdir. Sakinlər üçün 6 aydan bir pulsuz chek-up müayinə nəzərdə tutulur. Xidmətdən istifadə genişləndikcə, sakinlər ardıcıl olaraq "Bronz-kart", "Gümüş-kart" və "Qızıl-kart" kimi güzəştli istifadə hüququ qazanacaq.

Məsələn, "Bronz-kart"a sahiblənən sakinə kommunal xidmətlərdən istifadə zamanı 50 faiz güzəşt olunacaq. Bundan başqa, sakinlər üçün yüksək səviyyəli taksi xidməti nəzərdə tutulub və sakinlərə çox böyük güzəşt olunacaq.

Onu da deyim ki, parkın yaxınlığından şəhərin ən müxtəlif istiqamətlərinə bir neçə marşrut gedir. Konkret olaraq, "20 Yanvar" metrosu ərazisindən 135, Binə Ticarət Mərkəzindən 196, Binəqədi qəsəbəsindən 192 saylı marşrut birbaşa AAAF Parka gəlir".


Siqaret çəkmək qadağandır

Yaşıllıqla, əyləncəli mənzərə ilə əhatələnmiş parkın ərazisində siqaret çəkmək qadağandır, içkili adamların da parka girməsi tövsiyə olunmur. Kənan Məstəliyev deyir ki, AAF Parkın rəhbəri, ağır atletika üzrə 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərova görə "Sağlam bədəndə sağlam ruh olar" prinsipi çox önəmlidir və o, bu prinsipdən bütün insanların yararlanmasını arzulayır: "Tofiq Heydərov 1988-ci ildən SSRİ idman ustasıdır, 2011-ci ildən isə beynəlxalq dərəcəli hakimdir. O, "AAAF İnşaat MMC"-nin təsisçisi, özünün rəhbərlik etdiyi "Zirvə" İdman Klubunun beynəlxalq layihəsi olan "Zirve İnternational Sport Clubs"ın prezidentidir.

"Zirvə" İdman klubunun bir neçə ölkədə filialları var və ölkənin lider klublarından biridir. Tofiq Heydərovun ən başlıca məqsədi gələcək nəsillərin sağlam yetişdirlməsidir. Bu məqsədlə o, ərazidə daha çox sağlamlığa dair idman komplekslərini inkişaf etdirmək niyyətindədir, yəni o, idmanla sağlam həyat tərzinin vəhdətdə olmasına tərəfdardır. Ona görə də ərazidə bir çox idman kompleksi inşa edilib, insanların istifadəsinə verilib. Yaşayış yerinə ehtiyac yarandıqda boş qalan ərazilərdə yaşayış kompleksi də inşa olunur və ehtiyac artdıqca tikinti intensivləşir".


20-dən çox idmançıya şəhərcikdən ev verilib

Mətbuat katibi dedi ki, AAAF Park rəhbərliyi idmanda uğur qazanan gənclərə kompleksdə mənzilə sahiblənmək imkanı qazandırıb: "20-dən çox idmançı və məşqçi artıq buradan mənzil alıb. Tofiq müəllim onlardan bəzilərinə bu mənzilləri hədiyyə edib, bəzilərinə isə maksimum güzəştlərlə şərait yaradıb. Məsələn, ağır atlet üzrə 12 yaşlı idmançılar arasında "Zirvə" idman klubunun üzvü birinci yeri tutursa, ona fəxri diplom, medal, digər mükafatlarla yanaşı, 500 manatlıq dəyərində sertifikat da verilir. İdmançı uğur qazandıqca, sertifikatın da dəyəri artır və o sertifikatın dəyərində buradan evlə təmin oluna bilir.

Məsələn, idman uğurları olan 13 yaşda idmançı sakinimiz 5-6 ilə qazandığı uğurların müqabilində 19 yaşda evə sahibləndi. Eyni stimullaşdırma məşqçilər üçün də tətbiq olunur. Azərbaycanın müxtəlif bölgələrindən ağır atletika üzrə idmançılar bu kluba cəlb olunur. Həm idmançı kimi yetişmələri, həm də normal yaşayış şəraiti ilə təmin edilmək üçün onlara imkan yaradılır. İnşallah, Azərbaycanda keçiriləcək Avropa oyunlarından uğur qazanan həmyerlilərimiz də buradan ev almaq imkanı qazanar".

Həmsöhbətimiz onu da dedi ki, şəhərcikdə 2013-cü ildən uşaq bağçası, 2014-cü ildən isə "Zirvə" liseyi fəaliyyətə başlayıb. I-IX siniflər üçün nəzərdə tutulan liseyin 100-dək şagirdi var, müəllimlər bir neçə imtahan mərhələsi keçərək liseyə qəbul olunduqları üçün bilik səviyyələri yüksəkdir: "Məktəbin müasir standartlara cavab verən fənn kabinetləri var. Məktəb Təhsil Nazirliyinin lisenziyasına əsasən fəaliyyət göstərir".


Məşhurlar da ev alır

AAAF Parkda güvənli yaşayışın təmin olunduğunu deyən Kənan Məstəliyevin sözlərinə görə, ərazinin mühafizə xidməti yüksək səviyyədədir. Bir çox məşhurlar buradan mənzil alıb: "Bu yaxınlarda müğənni Yusif Mustafayev özünə ev aldı. Müraciət edənlər gün-gündən artır. Kompleksdə 15 minə qədər sakinin yerləşdirilməsi nəzərdə tutulub. Yaşayış kompleksinə bir neçə yerdən giriş var. Gələcəkdə tam güvənlik olsun deyə giriş kartla olacaq".

Ərazidə villa tipli fərdi evlər də var ki, mətbuat katibi bu evlərin artıq satıldığını dedi: "Mənzərəli yer olduğu üçün AAAF Park film çəkən prodakşnların da diqqətini cəlb edir. Məsələn, bu fərdi yaşayış evində "Xəzər" TV-dən nümayiş edilən "Həyat, sən nə qəribəsən" serialının çəkilişləri aparılır. "Yumurta" və "My name is İntigam" kimi komediya filmləri də burada çəkilib".


Sənədləşmə Beynəlxalq Bankla aparıldığı üçün təminat yüksəkdir

28 küçəsi, 100-dən çox binası olan yaşayış kompleksində hazırda "AAAF-İnşaat" MMC sürətli tikintilər aparır. Tikinti işləri A və B komplekslərində, 1 A, 1 B, 11, 12, 13 , 22, 25, 26, 27 və 28 saylı küçələrdə həyata keçirilir.

Mətbuat katibi dedi ki, tikilən binalarda bəri başdan ödəniş aparıb mənzilə sahiblənməyin heç bir riski yoxdur, sənədləşmə işləri Beynəlxalq bankla aparıldığına görə alınan mənzillərə təminat yüksəkdir: "Elə tikinti şirkətləri var ki, bir nəfərə bir neçə mənzil satır və bu kimi neqativ hallar baş verir. Amma bizim şirkət fəaliyyətə başladığı vaxtdan sənədləşmə işləri qanunauyğun şəkildə həyata keçirildiyinə görə insanların etibarını qazanıb".

Satış meneceri Yusif Məsimov isə AAAF Parkda əlverişli ipoteka şərtlərindən danışdı. Dedi ki, ipotekaya verilən mənzillərin ilkin ödənişi 10 faizdən başladığına, ipoteka krediti uzunmüddətli olduğuna görə aylıq ödəniş az məbləğlə başa gəlir ki, bu da aztəminatlı ailələr üçün daha əlverişlidir. Bundan başqa, əgər şəxs sonradan əlavə maddi imkan qazanıb ipoteka ilinin müddətini azaltmaq istəsə, Beynəlxalq bankın rəsmi ofisinə yaxınlaşaraq, aylıq ödəniş məbləğini artırmaqla ödəniş cədvəlini dəyişdirmək imkanına malikdir: "Mənzillərin satışı manatla həyata keçirilir və denominasiyanın, devalvasiyanın, yəni manatın kursunun dəyişməsinin müştərinin kredit ödəməsinə heç bir mənfi təsiri yoxdur. Əlbəttə, bütün bunlar müqavilədə öz əksini tapır".

Məbləği tam ödəyənə qədər şirkətlə müştəri arasında bağlanan müqavilə əsasında müştəri mənzildə yaşamaq hüququ qazanır, məbləğ tam ödəndikdə isə onlara çıxarış ("kupça" )verilir.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər