Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov Pakistan prezidenti Məmnun Hüseynlə Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvü, Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universitetinin prorektoru, Pakistan Tibb Elmləri İnstitutunun Klinikasının müdiri prof. Cavid Əkrəmi qəbul edib.
Teleqraf.com-un məlumatına görə, görüş zamanı Ə.Əmiraslanov uzun illər boyu Azərbaycan və Pakistan xalqlarının sülh, əməkdaşlıq və dostluq şəraitində yaşadığını qeyd edib. Onun sözlərinə görə, bu gün ölkələrimiz müstəqil dövlət kimi hər bir sahədə, o cümlədən tibb və təhsil sahəsində də əməkdaşlıq edirlər: “Bu səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər də bunu sübut edir ki, iki qardaş ölkə arasındakı əlaqələrimiz günbəgün genişlənməkdədir. Biz Pakistan dövlətini özümüzə qardaş ölkə hesab edirik. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir”.
Ə.Əmiraslanov bütün sahələrdə tibb təhsili ilə bağlı Azərbaycanın Pakistanla əlaqələrini daha da genişləndirmək niyyətində olduqlarını açıqlayıb: “Bilirik ki, Pakistanın əczaçılıq sahəsində xüsusi uğurları var. Gələcəkdə əlaqələri dərinləşdirsək, hər iki ölkə səhiyyə sahəsindəki uğurlardan bəhrələnə bilər”.
Daha sonra akademik Ə.Əmiraslanov Tibb Universiteti haqqında qısa məlumatı qonaqların diqqətinə çatdırıb. Qeyd olunub ki, ATU Azərbaycanda tibb və əczaçılıq təhsili verən yeganə müəssisədir ki, burada 160-dan çox professor çalışır. 1930-cu ildən müstəqil universitet kimi fəaliyyətdə olan Tibb Universitetinin hazırda 8000-ə yaxın tələbə və rezidenti var. Universitetdə təhsil alan 1000-dən çox xarici tələbə arasında Pakistandan olan gənclər də var: “Gələcəkdə bu tələbələrin sayı artsa, buna yalnız sevinə bilərik”. Rektor həmçinin ATU-nun nəzdindəki klinikalar barədə məlumat verərək bildirdi ki, bu klinikalar əhaliyə yüksək ixtisaslı tibbi xidmət göstərməklə yanaşı, həm də tədris müəssisəsi kimi fəaliyyətdədir.
Cavid Əkrəm ölkələr arasında siyasi əlaqələrlə yanaşı, tibb və səhiyyə sahəsində də əlaqələrin çox yüksək səviyyədə olduğunu deyib. O, ATU-nun mütəxəssisləri ilə birlikdə müştərək təşkilat yaratmaq arzusunda olduqlarını, həm müalicə, həm də akademik tibb sahəsində qarşılıqlı əlaqələr qurmağı, azərbaycanlı alimlərin məqalələrinin Pakistanın elmi jurnallarında dərcinin təşkil olunması istəyində olduqlarını bildirib.
Görüşün sonunda Azərbaycan Tibb Universiteti ilə Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Saziş universitetlər arasında əməkdaşlığın bütün istiqamətlərini əhatə edir və tibb təhsili sahəsində münasibətlərin inkişafına xidmət edir. Bu sənəd həmçinin iki ali təhsil müəssisəsi arasında birgə rezident və mütəxəssis mübadiləsinin təşkilini nəzərdə tutur.
Görüşdən sonra Pakistandan gələn nümayəndə heyəti ATU-nun klinikalarında yaradılan şəraitlə tanış olublar.
Naibə QURBANOVA