Bakıda 12 müxtəlif ölkədən 150 şirkət öz məhsullarını nümayiş etdirir
Bakı Ekspo Mərkəzində martın 12-dən 14-dək “Beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma” sərgisi keçirilir. “Atılım Fuarçılıq” və “ElanExpo”nun əməkdaşlığı ilə təşkil olunan sərgidə 12 müxtəlif ölkədən 150 şirkət öz məhsullarını nümayiş etdirir.
Sərginin gedişi ilə tanış olmaq üçün həmin ünvana yollandıq.
Bakıda 150 qabaqcıl firma
“Atılım Fuarçılıq” təşkilatının prezidenti Səlim Şahin bildirdi ki, “ElanExpo” təşkilatının əməkdaşlığı şəraitində keçirilən beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisində 150 şirkət öz məhsullarını təqdim edir: “Sərginin keçirilməsinə Azərbaycan tərəfdən bir çox dövlət təşkilatları və müəssisələr, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Yaşıllaşdırma İdarəsi, Botanika Bağı dəstək verir. Sərgidə təmsil olunan şirkətlər gülçülük, landşaft və şəhərsalma sahəsində öz təcrübələrini bölüşür, əməkdaşlıq üçün danışıqlar aparırlar”.
Sərgi Avropadan və dünyanın dörd bir tərəfindən qabaqcıl firmaları bir araya gətirir: “Azərbaycandan ”Bakı Abadlıq", “By Art”, “Abşeron Botanik”, “Caspian Botanik”, “Green life”, Türkiyədən “Hidromak”, “Güneri Makine”, “Cem Botanik”, SÜSBİR, SASBÜD, “Sakarya Botanik”, “İstanbul Botanik”, İtaliyadan “Arcangeli”, “Piante Faro”, Belçikadan “Arbor”, “VandePutte”, “Pflanzenhandel Lappen”, “Piante Faro”, “Innocenti& Mangoni”, “Ornamental Valencia” gülçülük, landşaft və şəhərsalma şirkətləri ilə yanaşı, Azərbaycan şirkətləri də öz məhsullarını təqdim edirlər".
Daha sonra mərkəzi gəzmək üçün güllərin, bitkilərin yerləşdiyi zala daxil olduq. Burada insanlar stendlərin qarşısında dayanıb güllərin əkilməsi ilə bağlı məlumat toplayırdılar.
Həmçinin sərgiyə gələn ziyarətçilər burada uşaq meydançası üçün müxtəlif çeşiddə qurğular, fərqli dizaynda yellənəcək, yerli ağac, gül kollarından əlavə, xaricdən gətirilən bir çox ekzotik bitkilərlə də tanış ola bilərlər.
“Xəyal adası”nda
Sərgidə diqqətimizi çəkən isə “Xəyal adası” adlandırılan stend oldu. Stendin bələdçisi Minə Arslan deyir ki, “Xəyal adası” həqiqətən xəyallar aləmindən xəbər verir: “Burada quraşdırılan günəşdən daldalanmaq üçün taxta köşklər ziyarətçilərin diqqətini cəlb edən ən maraqlı eksponatdır. Yəni, insanlar burada özünü xəyallar aləmində hiss edə bilər. Bizim stendimizə gələn ziyarətçilərin əksəriyyəti şəkil çəkdirir.
Məqsədimiz ”Xəyal adası" formasında taxta köşklər əldə etmək istəyən insanlar üçün təkliflərimizi verməkdir".
“Xəyal adası” stendində rəfiqəsi ilə birlikdə fotoqraf qarşısına çıxan Türkan Babayeva deyir ki, sərgiyə yalnız şəkil çəkdirmək üçün gəlib: “Vallah, güllərdən, ağac və bitkilərdən başım çıxmır. Dünən televizorda sərgidəki yaşılığı gördüm. Rəfiqəmlə fikirləşdik ki, buraya gəlib, şəkil çəkdirək. Bayaqdan gəzib yaşıllıqda şəkil çəkdiririk”.
“İtaliyadan naringi almaqdansa...”
Türkiyənin “Güneri Makine” firmasının təşkilatçısı Arzu Aslan deyir ki, firma daha çox kanalizasiya təmizləmə maşınları istehsal edir: “İstehsal olunan maşınlar kanalizasiyadakı yığılıb qalan çirkləri təmizləyir. 180 dərəcə dönmə bucağına malikdir. 13 min litr su tutur. Satış qiyməti 250 min avroyadır. Funksiyalarına görə qiymətləri də dəyişir”.
Sərgidə digər stendə İtaliyadan olan naringi yetişdirən firmanın nümayəndəsi Bettino Abro bələdçilik edirdi . O, naringi kolunun bəzək üçün də istifadə olunduğunu deyir: “Biz naringini qablarda yetişdiririk. Daha sonra məhsulları müxtəlif mağazalar şəbəkələrinə müqavilə əsasında paylayırıq. Bu məhsulu daha çox mənzillərdə bəzək üçün istehsal edirik. Amma istəyən insan onu alıb həyətində əkib meyvəsini də dərə bilər. Bu meyvə insan təzyiqi üçündə xeyirlidir.
Bu bitkinin dibinə çay tökülsə, tez bir zamanda meyvələri xarab olub, töküləcək. Sərgidəki digər firmalardan fərqli olaraq biz kiçik naringi kolunu üzərində meyvəsi ilə birlikdə 40 manatdan satışını təklif edirik. Gətirdiyimiz dekorativ ağacı isə ziyarətçiləri 2 min manata əldə edə bilərlər".
“Lənkəran naringisini seçərdim”
Sərginin ziyarətçisi Rahib Məmmədov deyir ki, stendə nümayiş olunan naringi meyvələrini Lənkərandan da əldə etmək olar: “Sərgini gəzərkən kol üzərində naringilər diqqətimi çəkdi. İtaliyalı bələdçilərlə söhbətləşəndə bildirdi ki, bunlar iylənə bilər. Onların təklif etdikləri məhsulunun İaliyandan gəlməsini almaqdansa, Lənkərandan da almaq olar. Həm də bilmirik axı, onlar bitkini necə yetişdirirlər. Mən bir naringini yedim və dadı xoşuma gəlmədi. Çünki çox turşdur. Azərbaycanda yetişdirilən meyvə daha yaxşıdır”.
Bakıda fəaliyyət göstərən “Bağ aləmi” stendində isə maraqlı güllərlə yanaşı, bağ alətləri, gül, tərəvəz toxumları, dekorativ bitkilər, bağ mebeli, gübrələr, zərərverici və xəstəliyə qarşı dərmanlar da nümayiş olunurdu. Burada daha maraqlısı bağ şəraitində geyilən ayaqqabılardır.
“Bağ aləmi” mərkəzinin rəhbəri olan Taysun İlter deyir ki, bu ayaqqabı yağışdan sonra yaşıllıqda sərt təbəqə üzərində yerimək üçündür: “Yay vaxtı yaşıllığın üzərində yağışdan sərt təbəqə əmələ gəlir. Həmin təbəqəni deşmək üçün bu ayaqqabıdan istifadə olunur. Biz bitkilərlə bərabər onlara qulluq üçün lazım olan alətləri də istehsal edirik”.
Bitkilərin toxumları xüsusi qablarda əkilir və onlar inkişaf dövrü keçir.
Məlumat üçün bildirək ki, burada gətirilən bitkilərin əksəriyyəti tək-tək satılmır. Çünki gələn firmaların məqsədi sərgidə tərəfdaş tapmaq və müqavilə imzalamaqdır. Məqsəd odur ki, gətirilən güllərin hamısı bir firmaya və ya bir adama satılsın.
Qeyd edək ki, sərgidə iştirak edən firmalar Bakı 2015 Avropa Yay Oyunları üçün paytaxtın hər yerində landşaft və şəhərsalma sahəsində yeniləmə işlərinə təkan veriblər.
İlhamə Əbülfət