17 Mart 2015 12:51
509

Azərbaycan əhalisinin gəlirlərində artım dinamikası və dövlət yardımlarının təyinatında ünvanlılıq və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrinin sayı azalmaqda davam edir.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, cari ilin fevral ayında respublikada 109124 ailə (475936 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36380 ailə yəni 25% azdır.

Ünvanlı yardım alanların sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ünvanlanan yardımların məbləğinin artması ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımın orta aylıq məbləği hər ailə və hər ailə üzvü üçün 12,1% artmaqla müvafiq olaraq 141,8 manat və 32,35 manat təşkil edib. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 31287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 225637 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5433 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 6148 nəfər təşkil edir.

Hazırda Azərbaycan Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı əsasında ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması istiqamətində işlər aparılır. Bu işlərin nəticəsi olaraq vətəndaşlar ünvanlı dövlət sosial yardımları üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə e-müraciət imkanlarına malik olacaq və yardımların təyinatı prosesi elektron əsaslar üzərində aparılacaq.

Naibə QURBANOVA


Müəllif: