2015-ci il martın 16-da Azərbaycan Respublikasının Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.
Azərtac xəbər verir ki, bu il yanvarın 1-dən etibarən qüvvəyə minən bu Qərara əsasən, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərin işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2016-cı il yanvarın 1-dək uzadılıb.
Həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.