Bu gün AMEA-nın İnsan Haqları İnstitutu və Rumıniya səfirliyinin birgə təşkilatçılığı ilə “NATO-nun Uels sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə çıxış edən İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, belə tədbirlər artıq ənənə halını alıb: “Bu gün əsas məqsəd gələcək üçün prioritetlərin müəyyələşdirilməsidir. Sonuncu Uels toplantısı tərəfdaş ölkələr üçün mühüm önəm daşıyırdı. Azərbaycan NATO ilə bir neçə istiqamətdə əməkdaşlıq edir. Ən əsas istiqamətlərdən biri sovet vaxtından qalan partlamamış sursatların zərərsizləşdirilməsidir. Eyni zamanda kiber terrorçuluqdur. Əminəm ki, NATO qeyd etdiyim istiqamətlərdə lazımi addımlar ataraq bizə köməklik göstərəcək. Əfqanıstanda sülh məramlı qüvvələrimiz var və eyni zamanda NATO ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq edilir”.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristian Ciobanu bildirib ki, artıq 4-cü ildir Ruminiyanın Azərbaycandakı səfiriliyi həm də NATO ilə əlaqələndirici rolunu oynayır. Onun sözlərinə görə, Uels sammitində tərəfdaş ölkələrin müdafiə xərclərini 2 faiz artırması təklif edilmişdi: “Rumıniya NATO-Azərbaycan əməkdaşlığını önəm verir. 1998-ci ildən 2008-ci ilədək Azərbaycan sülhməramlıları Kosovada olublar. Salıoğlu və digər yerlərdə minatəmizləmə əməliyyatlarına NATO öz dəstəyini göstərib. O cümlədən qurum zabitlərin təcrübəsini artırmaq istiqamətində də öz töhfəsini verib. NATO bundan sonra da Azərbaycana öz dəstəyini göstərəcək”.
XİN-nin sülh naminə tərəfdaşlıq şöbəsinin rəhbəri Esmira Cəfərova bildirib ki, Azərbaycan-NATO əlaqələrinin təməli 90-cı illərə gedib çıxır. Onun sözlərinə görə, bu əlaqələr ötən müddət ərzində müxtəlif istiqamətlərdə davam edib.
BƏXTİYAR