21 Mart 2015 09:45
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 285 dilli virtual ensiklopediya arasında 44-cü yerdədir

Ötən ilin yanvarında AMEA Rəyasət Heyəti Vikipediya virtual ensiklopediyası ilə bağlı Prezident Administrasiyasından quruma ünvanlanmış məktub haqqında məlumat açıqladı. AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirdi ki, məktubda Azərbaycanın Vikipediyada lazımi səviyyədə təmsil olunmadığı, bu resursda ölkəmizlə bağlı reallığa uyğun elmi məlumatların azlığı iradı yer alır.

AMEA Rəyasət Heyəti elmi-tədqiqat müəssisələrində daimi fəaliyyət göstərən viki-qrupların təşkili, əhalinin viki-mühitdə gedən proseslər barədə maarifləndirilməsi, bu virtual məkanda aktiv fəaliyyətin stimullaşdırılması üçün müvafiq tədbirlərin görülməsi haqqında qərar qəbul etdi.

Viki-qrupun üzvləri elmi məlumat yerləşdirirlər

Qərarın icrası hansı şəkildə həyata keçirilir? Məsələ ilə əlaqədar Rasim Əliquliyevlə söhbət etdik. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inkişafı alimlərimizin qarşısında duran mühüm vəzifələrdən biridir və AMEA-nın elmi müəssisələrində hazırda bu istiqamətdə zəruri tədbirlər görülür.

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində bu məqsədlə Viki-mərkəz yaradılıb. Mərkəzdə Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları kursu tədris edilir: “AMEA-nın elmi tədqiqat müəssisələrində intellektual səviyyəsi yüksək olan şəxslərdən ibarət, hər institutdan 3-4 nəfər olmaqla viki-qruplar təşkil olunub. Qruplara Vikipediyada necə davranmaq, məlumatları necə yerləşdirmək, necə düzəliş vermək haqqında treninqlər keçirilir. Hazırda hər bir qrupun üzvləri öz elmi sahəsinə uyğun Vikipediyaya elmi məlumatlar yerləşdirirlər. Ona görə də Vikipediyada Azərbaycanla bağlı məlumatların sayı artıb”.

Rasim Əliquliyevin sözlərinə görə, institutda həmçinin Vikimetrik araşdırmalar aparılır ki, bu tədqiqatlarda riyazi analizlərin və informasiya texnologiyalarının tətbiqi nəticəsində yüksək keyfiyyətli nəticələr əldə etmək mümkündür: “Vikipediya layihələrinin icrası istiqamətində monitorinqlər keçirmək, maarifləndirmə işləri üçün broşürlar hazırlamaq kimi misiyyamız da var”.

Rasim Əliquliyevin sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına Prezident Administrasiyası çox ciddi dəstək verir.

285 dildə Vikipediya saytı var, Azərbaycan 44-cü yerdədir

Vikipediya (Wikipedia) ingilis texniki termini olan “wiki” (“tez” deməkdir) və “ensiklopediya” sözlərindən ibarətdir. Azad onlayn açıq ensiklopediya kimi 2001-ci ildən internetdə fəaliyyət göstərir.

Vikipediyada yerləşdirilən məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olur.

Vikipediyanın yaradıcıları - Cimmi Ueyls və Larri Sengerin ilkin məqsədləri biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun internet ensiklopediyasını yaratmaq olub.
Hazırda dünyada 285 dildə vikipediya saytı var və orada ümumilikdə 30 milyondan çox məlumat yerləşdirlib. İngilis dilində olan sayt dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri resurslar arasında 1-ci yeri tutur.

Azərbaycan dilində Vikipedia 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında yaradılıb və hazırda 285 dil arasında 44-cü yerdədir.

İdarəçilərin sayı 14, istifadəçi sayı isə 88 mindir

Azərbaycan vikipediyasının 14 idarəçisindən biri olan Araz Yaquboğlunun sözlərinə görə, hazırda az.wikipedia.org-a 100 mindən çox məlumat yerləşdirilib. İstifadəçi sayı 88 min nəfərə çatsa da, onların heç də hamısı aktiv istifadəçi deyil. Son bir ayda aktiv istifadəçi sayı 600 nəfər təşkil edir ki, onlardan da təxminən 50-si hər gün fəal olur.

Araz Yaquboğlu bildirdi ki, idarəçilər Azərbaycan vikipediyasında xüsusən bədxah ermənilərin təxribat xarakterli hərəkətlərə yol verməsini önləmək, neqativ informasiyaları zərərsizləşdirmək imkanına malikdir: "Azərbaycan açıq ensiklopediyasına qarşı təxribatlara yol verdikdə idarəçilər onların "ay-pi"sini bloklayır. Yanlışlıq olan məqalələri silmək, səhvləri düzəltmək, vandalizm hallarını geri qaytarmaq, son dəyişiklərə nəzarət etmək imkanımız da var.

Azərbaycanlı istifadəçilərimiz arasında elələri var ki, rus və ingilis vikipediyasında da fəaliyyət göstərir. Misal üçün, rus və Azərbaycan istifadəçilərindən birinin xidmətləri əsasında rus Vikipediyasının ana səhifəsində Azərbaycan aktyoru Abbasmirzə Şərifzadə haqqında bir həftə məlumat qalmışdı. Bu, yaxşı göstəricidir".

Xoşməramlı layihələrin icrasına maliyyə ayrılmalıdır

2010-cu ildən Azərbaycan Vikipediyasında istifadəçi kimi qeydiyyatdan keçən Araz Yaquboğlu fəal istifadəçi olduğu üçün Vikicəmiyyətin səsverməsindən müsbət rəy alaraq 2013-cü ildə idarəçi statusu qazanıb.

Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da Vikipediya istifadəçi və idarəçiləri könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Bu sahədə maddi maraq olmadığına görə, məlumatların yerləşdirilməsi prosesi qonşu ölkələrlə müqayisədə zəifdir: “Xoşməramlı layihələrimiz kifayət qədərdir, amma bunları reallaşdırmaq üçün maliyyə imkanı yoxdur. Misal üçün, biz regionlardan Vikipediya istifadəçilərini cəlb etmək üçün bölgələrdə maarrifləndirmə işləri həyata keçirmək istədik. Bu məqsədlə layihə də hazırlamışıq, bildiyimə görə, bu layihə QHT-lərə Dəstək Şurasında qəbul olunmadı”.

Ötən ilin sentyabrından Azərbaycan Viki-mediaçıları istifadəçi qrupu da yaradılıb. Araz Yaquboğlu bildirdi ki, qrup üzvləri hər ay görüşlər keçirir, memarlıq, ədəbiyyat, rəssamlıq və sair bu kimi sahələr üzrə hər ay məlumatları Azərbaycanın virtual ensiklopediya saytına yerləşdirirlər.

Azərbaycan Vikipediyası niyə zəngin deyil?

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zaur Babayevin sözlərinə görə, qonşu ölkələrlə müqayisədə Azərbaycan Vikipediyası zəngin görünmür: “Gürcüstanın Vikipediya səhifəsi bizim Vikipediya məlumatlarından qat-qat zəngin və çoxdur. Vikipediya saytının digərlərindən fərqi odur ki, məlumatları hər bir şəxs özü də yerləşdirə bilər. Vikipediyada yerləşdirilən məlumatlar avtomatik olaraq bir neçə dilə tərcümə olunduğu üçün ölkəmiz haqqında məlumatların dünyada genişlənməsində hər birimiz rol oynaya bilərik. Azərbaycan haqqında Vikipediyada pozitiv məlumatların çox olması dövlət siyasətidir və bu işlərə İnformasiya Texnologiyaları İnstitutunda ciddi cəhdlə çalışırlar”.

Erməni Azərbaycan domenlərini 10 dollardan alıb

Zaur Babayev dedi ki, Vikipediya xalq ensiklopediyasıdır və Azərbaycanda da bu sahədə hər hansı neqativ informasiyaya görə heç kəs cavabdehlik daşımır: “İnformasiya müharibəsində hər kəs öz haqlılığını sübut etməlidir. Biz də öz elmi dəlillərimizlə çıxış edə bilərik. Azad informasiya məkanında Azərbaycan haqda daha dəqiq və zəngin məlumatlar yerləşdirməyə çalışmalıyıq. Bunun üçün bizdə də patriotluq güclü olmalıdır.

Melkumyan soyadlı bir erməni Azərbaycanla bağlı domenlərin yarısını 10 dollara alıb və sonradan bəzilərini çox baha qiymətə satıb, bəzilərində təxribat məqsədli informasiyalar yerləşdirib".

Zaur Babayev dedi ki, Azərbaycan virtual məkanında ensiklopediya məlumatlarının təkmilləşdirilməsinə ciddi ehtiyac var: “Xeyli qeyri-hökumət təşkilatları var ki, çox əhəmiyyətsiz layihələr üzərində işləyirlər. Azərbaycan üçün daha vacib olan işlərdən biri də virtual ensiklopedik məlumatların zəngilnləşdirilməsidir. Ona görə də QHT-lər bu sahədə layihə tərtib edib, qrant əldə edib, bu sahəni təkmilləşdirə bilərlər”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər