3 Aprel 2015 14:46
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbində (BANM) “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və “REN GROUP” MMC-nin nümayəndələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.23-cü maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fənndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

O, bu qərarın əsas götürüldüyünü deyərək, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarının aparılmasının zəruri olduğunu bildirib: “Bu sistem Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində tətbiq olunub. Digər ali məktəblərdə olduğu kimi tələbələrin davamiyyətinin kağız üzərində hesablanması zaman itkisinə gətirib çıxarır. Bu sistemin Bakı Ali Neft Məktəbində tətbiq olunması digər üsuldan fərqli olaraq tədris prosesinin daha operativ, obyektiv və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcək”.

Elmar Qasımov sistemin turniket və biometrik cihazların bir-biri ilə birbaşa əlaqəsi vasitəsilə obyektiv şəkildə işləməsi və davamiyyətin şəffaf şəkildə aparılması üçün hər bir tələbənin barmaq izlərinin götürülərək sistemə daxil edildiyini bildirib.

“Biometrik elektron qeydiyyat sistemi” layihəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin Elektron-tədris şöbəsinin metodisti Elnur Səfərli rəhbərlik etdiyi layihə haqqında təqdimatla çıxış edib. Təqdimatda sistemin işləmə prinsipi, strukturu və BANM-dəki tədris prosesinin təşkilinə nə cür müsbət təsirləri olacağı haqqında məlumat verilib.

Sonda tələbələrin layihə ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, biometrik elektron qeydiyyat sistemi “REN GROUP” MMC tərəfindən təchiz olunmuş cihazla Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində tətbiq olunur

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər