Elçin Babayev: “Qohum-qonşu yemək bişirəndə tullantıları, qoz-fındıq qabıqlarını mənimçün yığır ”
Sosial şəbəkələrdən birində təsadüfən bir gəncin hazırlayıb paylaşdığı əl işlərinin fotosunu gördüm. Əl işlərini tullantılardan hazırladığını qeyd edirdi. Diqqətimi də elə bu çəkdi. Bu gənc başqalarının çölə atdığı tullantılara fərqli yanaşır, onlardan sənət əsəri yaratmağa səy göstərirdi.
Əvvəl-əvvəl ona gülüblər
Elçin Babayev 1989-cu ildə Astara şəhərində anadan olub. Orta məktəb məzunudur: “Ali təhsil ala bilməsəm də, uşaqlıqdan tullantılardan suvenir düzəltməyə həvəsim olub. Uşaq çağlarımdan kibrit çöpləri mənə çox maraqlı gəlirdi. Rayon yeri olduğu üçün uşaqlar yığışıb oyuncaqlarla oynayırdılar. Mən isə bir kənara çəkilib kibrit çöpləri ilə məşğul olurdum.
Hər dəfə tullantıları qarşıma töküb kibritdən, qoz-fındıq qabığından maraqlı nə hazırlaya biləcəyimi düşünürdüm. Sonra böyüdüm, hərbi xidmətə getdim. Həvəs göstərdiyim bu işlərə isə boş vaxt tapanda baş qoşmağa başladım".
Həmsöhbətim deyir ki, hərbi xidmətdən qayıtdıqdan sonra bərbər işləsə də, köhnə məşğuliyyətindən tamam aralanmır: “Hərbi xidmətdən döndüm, təhsilim olmadığı üçün bərbər işləməli oldum. Bərbər salonunda özümə kasıbyana kiçik bir emalatxana düzəltdim. Həmin vaxtdan necə deyərlər, zir-zibildən suvenir düzəltməyə başladım.
Bəzən məndən rəssamlıq qabiliyyətin varmı deyə soruşurlar. Cavab verirəm ki, xeyr, belə bir qabiliyyət yiyəsi deyiləm. Sadəcə, internetdə, jurnallarda gördüyüm əşyaları, hətta görmədiklərimi belə fantaziyamda canlandırıb, düzəldəcəyim əşyaların üzərinə köçürürəm. Bəzən bu işləri mənim gördüyümə ailəm də inanmır. Çünki bizim nəsildə bu işə marağı olan tək mənəm.
Əvvəllər dostlarıma, ailə üzvlərimə deyəndə ki, tullantıları atmayın, mənə verin, onlardan suvenir düzəldəcəm, gülürdülər. Mənə nəyisə sifariş verib “bunu düzəlt” deyənlər, suvenirin sifariş elədiklərinə bu dərəcədə oxşayacağına inanmırlar. Onu da deyim ki, heç ağlıma gəlməzdi ki, bir gün düzəltdiyim suvenirləri satıb pul qazanaram".
“Anam zibilləri yığıb mənə verir”
Həmsöhbətimiz deyir ki, indi tullantıları yığmaqda anası da ona kömək edir: “Suvenirlərin bəzəyini qoz, badam, tum qabıqlarından, fındıq, fıstıq, balıq, toyuq, mal ətinin sümüklərindən edirəm. Anamdan xahiş edirəm, o da süfrə yığışdırılandan sonra tör-töküntüləri yığıb mənə göstərir. Mən isə həmin tullantıdan nə düzəldəcəyimi fikirləşirəm.
Hətta qohum-qonşudakılar da yemək bişirəndə tullantıları, qoz-fındıq qabıqlarını mənimçün yığır. Mənimlə məsləhətləşirlər ki, əgər sənə lazımdırsa, bu tullantını atmayaq. Belə desək, bizim evdə kənara atılacaq tullantı olmur. Bu işlə mənə mənəvi rahatlıq verdiyi üçün məşğul oluram. Dəllək köşkündə fürsət tapanda bu işə girişirəm. Yaradıcılıq prosesi çox sadədi. Beynimdə fantaziyalar qururam, yaratdığım fantaziyanı zibillər vasitəsilə ilə suvenirdə əks etdirirəm".
Elçin Babayev deyir ki, artıq 3 ildir düzəltdiyi suvenirləri satır: “Suvenirlərə müxtəlif qiymətlər qoyuram. Ən bahalısını 320 manata, ən ucuzunu isə 50 manata satmışam. Düzdür, bəzən dosta, qohuma da hədiyyə verirəm. Amma əl işlərimi 50 manatdan aşağı sata bilmərəm. Çünki hər suvenirin üstündə çox əziyyət çəkirəm, bu, yaman vaxt aparan işdi.
Əslində, mən çox səbirsiz adamam. Bu iş də çox səbir-təmkin tələb edir. Zibillərlə işləmək əsəblərimi sakitləşdirir, mənə zövq verir. Düzünü desəm, bu işlə pul qazanmaqdan çox zövq verdiyi üçün məşğul oluram. Hər suvenir mənə doğmadır".
Kütümün çənə sümüyündən gəmi breloku hazırlayıb
Bəzən düzəltdiyi suvenirlərin hansısa hissəsinin tarixçəsini danışanda müştərilər gülürlər: “Mən balıq sümüklərindən daha çox gəmi düzəldəndə istifadə edirəm. Əslində, hər dəfə balığın sümüklərini salfetkaya büküb, sonra yuyub suvenirlərimçün saxlayıram. Bir dəfə ailəmizlə birlikdə şam yeməyində kütüm balığı yeyirdik. Birdən balığın çənə sümüyü diqqətimi çəkdi. Gördüm, kütümün çənə sümüyünü iki hissəyə bölüblər.
Sümüyün ilk hissəsini görən kimi beynimdən emalatxanada hazırladığım gəmi keçdi. Digər sümüyü də tapdım. Onları yuyub təmizləyəndən sonra bir-birinə birləşdirib gəmi breloku düzəltdim. Bir nəfər gəmiyə baxanda məhz həmin brelok daha çox xoşuna gəldi və yeni suvenir düzəltməyim üçün sifariş verdi".
“Bəzi sifarişçilər öz evlərinin maketini istəyir”
Elçin Babayev deyir ki, ona ən çox yelkənli gəmi və kiçik maketli ev sifariş verirlər: “Astara kiçik rayon olduğu üçün sifarişçilərin sayı o qədər də çox olmur. Nə sifariş versələr, düzəldirəm. Bəzən sifarişçi evini göstərib onun kiçicik maketini istəyir. Özümün də maket düzəltdiyim tikililər olur. Məsələn, kibrit çöplərindən məscid qurmuşam. Bakıya yolum düşəndə isə əlimdən çıxmış hazır suvenirləri paytaxt mağazalarına satıram.
Mən adi kiçik emalatxanada işləyirəm. Əvvəllər həvəskar kimi çalışırdım. İndi istərdim, gördüyüm işləri Azərbaycanda tanıdım və inkişaf etdirim. Hər bir işin çətinliyi var. Amma çətinliklər məni yolumdan saxlamır. Mən suvenirlərimlə nəfəs alır, yaşayıram. Yemək yeyəndə belə hazır olan suvenirlərimdə nəyin çatmadığını düşünürəm".
İlhamə Əbülfət