Aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının (MŞ) dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçilərinin səfəri başa çatb.
Teleqraf.com-un məlumatına görə, səfərin sonuncu günündə - aprelin 5-də MŞ tərəfindən qonaqların şərəfinə qəbul təşkil olunub. Bu münasibətlə düzənlənmiş mərasimi şura sədri Əflatun Amaşov açaraq bildirib ki, media sahəsindəki əməkdaşlıq Türkiyə-Azərbaycan münasibətlərində önəmli yeri tutur. Hər iki ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşılıqlı səfərləri artıq ənənə halını alıb. Bu səfərlər nəticəsində xalqlarımız bir-birinə daha da yaxınlaşıb. Çünki media birləşdirici faktor rolunu oynayır. Onun ortaq problemlərimizə reaksiya tərzi də günün tələbləri səviyyəsində qurulmalıdır. “Düşünürəm ki, bu səfər nəticəsində türkiyəli həmkarlarmızın gəldikləri qənaət Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha yaxından çatdırılması yolunda önəmli addım olacaq. Nəzərə alaq ki, Türkiyə mediası dünya mediasının tərkib hissəsi kimi əhəmiyyətlidir”, - deyən MŞ sədri səfər çərçivəsində keçirilmiş görüşlərdən də söz açıb.
Deputatı, MŞ İdarə Heyətinin üzvü və qurumun beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev Türkiyə mediasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki mühüm tribuna kimi dəyərləndirib. O, eyni zamanda diqqəti Türkiyə kütləvi informasiya vasitələrində zaman-zaman yer almış bəzi neqativ meyllərə çəkib və bildirib ki, belə xoşagəlməzliklərin aradan qaldırılması üçün qardaş ölkə ictimaiyyətinə Azərbaycanla bağlı daha çox bilgi verilməsi mütləqdir. C.Feyziyev bu baxımdan Azərbaycanda səfərdə olan jurnalistlərin qələmə alacaqları materialların mühüm əhəmiyyət daşıyacağına inandığını vurğulayıb.
Çıxış edənlərdən Türkiyə Gəzeteçiler Federasiyasının təmsilçiləri Yılmaz Karaca, İbrahim Erdoğan və başqaları Azərbaycana səfərin məhsuldar keçdiyini bildirərək, ölkəmizin yüksək inkişafından məmnunluqlarını dilə gətiriblər. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı çıxışlarında media sahəsindəki əməkdaşlığın müxtəlif tərəflərindən söz açıblar.
Qəbulda Türkiyənin media nümayəndələrinə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim edilib. Həmçinin qardaş ölkədən olan qonaqlara səfər təəssüratlarını əks etdirən foto və video görüntülər, ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdıqları “erməni soyqırımı”nın qondarma mahiyyətini isbatlayan faktik materiallar təqdim olunub.
Qeyd edək ki, Türkiyədən təşrif buyurmuş nümayəndə heyətinin tərkibində böyük dövlət xadimi Ənvər paşanın nəvəsi Osman Mayatepek də olub. O.Mayatepek Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsindəki xidmətlərinə görə təltif edilib.
Türkiyənin media nümayəndələrinin ölkəmizə səfəri MŞ-nin beynəlxalq münasibətlər komissiyasının xəttilə gerçəkləşdirilib. Səfərdə məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarət olub.
Türkiyəli media nümayəndələri aprelin 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasnın ictimai-siyası məsələlər üzrə köməkçisi Əli Həsənovla, Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikeri Bahar Muradova ilə, aprelin 4-də Azərbaycan Respublikasının baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovla görüşüblər. Görüşlərdə hər iki ölkə mediasının türk dünyasının ortaq problemlərinin dünya birliyinə çatdırılmasındakı fəaliyyətinimasn daha da gücləndirilməsinə ehtiyacın duyulduğu vurğulanıb. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların son durumu haqqında geniş məlumat verilib. Məsələ ilə bağlı rəsmi Ankaranın mövqeyi yüksək qiymətləndirilib.
Türkiyənin media təmsilçiləri həmçinin I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi idman qurğuları ilə tanış olublar. Onlara komplekslərin texniki xüsusiyyətləri ilə bağlı məlumat verilib, mötəbər idman hadisəsinin təşkilinə yönələn işlərdən söz açılıb. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzində, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində də olub, müxtəlif mövzulardakı müzakirələrə qatılıb, teleproqramlarda iştirak ediblər. Qardaş ölkənin «Sabah», «Posta», «Hürriyyət» qəzetlərinin, Fox, NTV, ATV, «Kanal A», «CNN türk» və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetəcilər Federasiyasının rəhbəri Yılmaz Karaca başçılıq edib.
Naibə QURBANOVA