10 Aprel 2015 16:07
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması” mövzusunda konfrans keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin hər zaman gənclərimizin milli ruhda, milli mənəvi dəyərlər əsasında təhsilini və tərbiyəsini vacib hesab etdiyini deyib. O, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin tərbiyə funksiyasının da inkişaf etdirilməsinin prioritet istiqamət kimi nəzərdə tutulduğunu diqqətə çatdırıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumun və Təhsil Nazirliyinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planı haqqında məlumat verib. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq, Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı fəaliyyətindən söhbət açıb və bu istiqamətdə görülən işləri qeyd edib. Bildirilib ki, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi uşaqların və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacaq. DQİDK-nın sədr müavini Gündüz İsmayılov gənc nəslin, eləcə də uşaqların milli mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən danışıb. Milli mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini qeyd edən G.İsmayılov bunun həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətindən danışıb.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görüləcək işlərin ayrı-ayrı məqamlarından bəhs olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər